Səttar Möhbalıyev: “Rəqəmlər göstərir ki, 2024-cü ilin dövlət büdcəsi ölkəmizin gələcək inkişafı üçün etibarlı təməl yaradacaq”

13:59 14-11-2023 | icon 1264
Səttar Möhbalıyev: “Rəqəmlər göstərir ki, 2024-cü ilin dövlət büdcəsi ölkəmizin gələcək inkişafı üçün etibarlı təməl yaradacaq”

Müzakirəmizə təqdim olunan 2024-cü il üzrə Dövlət büdcəsinin layihəsi və büdcə
zərfinə daxil edilmiş sənədlər ilk dəfə olaraq, ərazi bütövlüyü tam bərpa etmiş
Azərbaycanın növbəti ildə sosial-iqtisadi inkişafını müəyyənləşdirir və onun əsas
prioritetləri quruculuq, əhalinin rifahının yüksəldilməsi və təhlükəsizliyinin təmin
olunmasıdır. Öncə bildirmək istəyirəm ki, büdcə zərfi “Dövlət büdcəsi haqqında”
Azərbaycan Respublikasının tələbləri nəzərə alınmaqla hazırlanıb və hökumətin
müasir dövrün çağırışlarına cavab olaraq hazırladığı sosial-iqtisadi tədbirlərin
maliyyələşdirilməsini təmin etməlidir. Növbəti ildə dövlət büdcəsinin gəlirlərinin
2023-cü illə müqayisədə 282,5 milyon manat artırılaraq 34,2 milyard manata,
xərclərinin isə 138,2 milyon manat artırılaraq 36,8 milyard manata çatdırılması
bunun əyani sübutudur”.
Bu fikirləri Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat
Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, neft sektorundan asılılığının zəiflədilməsi, qeyri-neft
sektorunun inkişafı və diversifikasiyası siyasəti növbəti ilin dövlət büdcəsində də
öz əksini tapıb: “Belə ki, büdcə gəlirlərində neft sektorundan daxilolmaların 775,7
milyon manat, yaxud 4,3 faiz azaldılması, qeyri-neft sektorundan daxilolmaların
isə təqribən 1,1 milyard manat, yaxud 6,6 faiz çoxalması nəzərdə tutulub. Dövlət
büdcəsinin bu parametrləri ölkədə sahibkarlıq fəaliyyətinin inkişafı üçün
imkanların genişləndirilməsini, yeni stimulların yaradılmasını, büdcə-vergi
siyasətinin, əmək münasibətlərinin təkmilləşdirilməsini labüdləşdirir. Vergi
Məcəlləsinə və digər qanunlara təklif olunan dəyişikliklər də maliyyə axınlarının
şəffaflığının artırılmasına, onlar üzərində dövlət nəzarətinin gücləndirilməsinə
xidmət edir. Bu dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqinə, vergi
inzibatçılığının təkmilləşdirilməsinə, güzəşt və azadolmalara müasir dövrün
tələblərinə uyğunlaşdırılmasına yönəlib”.

Səttar Möhbalıyev qeyd edib ki, dövlət büdcəsinin xərclərinin istiqamətləri
növbəti ildə hökumətin sosial-iqtisadi sahədə atacaq addımları əks etdirən
güzgüdür: “Xərclərin strukturuna baxdıqda görünür ki, əvvəlki illərdə olduğu kimi,
növbəti ildə də əsas hədəflər əhalinin rifah səviyyəsinin yüksəldilməsi,
investisiyaların stimullaşdırılması, insan kapitalının inkişafı, ölkənin
təhlükəsizliyinin təmin olunmasıdır. Belə ki, növbəti ilin büdcəsində
sosialyönümlü xərclərin məbləği əvvəlki illə müqayisədə 7%, təhsil xərcləri 3,2%,
elm xərcləri 1,5%, səhiyyə xərcləri 3,7%, sosial müdafiə və sosial təminat xərcləri
5,2%, mədəniyyət, incəsənət informasiya xərcləri 4,3%, müdafiə və milli
təhlükəsizlik xərcləri 17% artırılır. İşğaldan azad olunmuş ərazilərdə quruculuq,
“Böyük Qayıdış” proqramının həyata keçirilməsi məqsədilə dövlət büdcəsinin
ümumi xərclərinin 33,1%-i, yaxud 12,2 milyard manatı əsaslı xərclərin
maliyyələşdirilməsi üçün ayrılıb. Bu proqramlar həmin ərazilərdə şəhər və
kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, mədəni-tarixi
abidələrin bərpasına sərf olunacaq. Sadaladığım rəqəmlər göstərir ki, 2024-cü ilin
dövlət büdcəsi ölkəmizin gələcək inkişafı üçün etibarlı təməl yaradır”.
AHİK sədri bildirib ki, növbəti il üzrə Ümumi Daxili Məhsulun məbləğinin baza
ssenarisi üzrə 2,4% artırılaraq 118,4 milyard manata çatdırılması, orta illik
inflyasiyanın isə cari ilə müqayisədə 4,2 faiz bənd azaldılaraq 5,3 səviyyəsinə
endirilməsi proqnozlaşdırılır: “Dünyada baş verən geosiyasi təlatümləri, dünyanın
əksər dövlətlərində bu göstəricilərin daha pessimist ssenari üzrə nəzərdə
tutulduğunu nəzərə alsaq, bu artımı məqbul hesab etmək olar. Təbii ki, bu
hədəflərə nail olunması Azərbaycan hökuməti qarşısında mühüm vəzifələr qoyur”.
Milli Məclisin deputatı sonda əlavə edib ki, qlobal istiləşmə su probleminə
gətirib çıxarıb: “Ölkəmizdə bu istiqamətdə ən ağır vəziyyət Naxçıvandadır. Həm
içmək, həm də suvarma üçün su qıtlığı mövcuddur. Mənim yaşadığım kənddə 12
krantdan su gəlirdi və kəndin 80 faizi bu sudan istifadə edirdi. İndi isə krantlardan
su gəlmir, quyular da quruyub. Ölkə Prezidenti tərəfindən  “Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib və düşünürəm ki, bu proqram nəticəsində qaldırılan məsələlər öz həllini tapacaq. Ancaq Naxçıvan hələ də blokadadır, dəmir yolu
açılmayıb, quru yollar yox, bu dövr ərzində Naxçıvana əlavə güzəştli dotasiya
ayrılmalıdır. Mən sizin nəzərinizə çatdırıram ki, indi işsizlik problemləri də var.
Vurğulandı ki, vergi gəlirləri 32 faiz artıb, gömrük rüsumları artıb. Bütün bunlara
baxmayaraq, yenə də deyirəm bu gün orada su problemi bir nömrəli problemdir.
Ona görə də mən burada iqtisadi qurumların rəhbərlərindən xahiş edirəm ki,
bunları nəzərə alsınlar”.


Digər xəbərlər

0.24765682220459