Abşeronda şəhid Vidadi Zalovun xatirəsi yad edildi - Fotolar

22:28 09-04-2024 | icon 625
Abşeronda şəhid Vidadi Zalovun xatirəsi yad edildi - Fotolar

Rəşadətli Ordumuzun şücaəti, igid oğullarımızın qəhrəmanlığı sayəsində bu gün doğma Qarabağımızın hər yerində üçrəngli müqəddəs bayrağımız dalğalanır.

Onlardan biri də Vətənin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan, Azərbaycan  Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medallarına layiq görülən Zalov Vidadi Nizami oğludur.

Bu gün Abşeronda şəhidin anım tədbiri keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron Rayon Mərkəzi Xəstəxanası “Publik hüquqi şəxsin” direktoru, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, Regional YAP Abşeron Rayon Təşkilatının sədri, Abşeron RİH Yanında İctimai Şuranın sədri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.

İştirakçılar əvvəlcə şəhidimizin Saray qəsəbə Şəhidlər xiyabanındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Daha sonra anım tədbiri şəhid Vidadi Zalovun əvvəllər təhsil aldığı Saray qəsəbə 2 saylı tam orta məktəbdə davam etdirilib. Burada Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəhid Vidadi Zalovun həyat və döyüş yolundan bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən rayon icra başçısı Abdin Fərzəliyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində regionda yeni reallıqlar yaranıb. Bu reallıqlarda Azərbaycanın diktə edən tərəf olduğu, ölkəmizin milli maraqlarının ən yüksək səviyyədə qorunduğunu vurğulayan Abdin Fərzəliyev dövlətimizin sülh tərəfdarı olduğu, atılan bütün addımların da mehriban qonşuluq və beynəlxalq hüququn prinsiplərinə söykəndiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Şəhid Vidadi Zalovun həyat və fəaliyyətinin gənc nəsil üçün örnək olduğunu, onun cəsarətinin, hünərinin və döyüş yolunun təbliğinin vacibliyini qeyd edən Abdin Fərzəliyev bildirib ki, şəhidlərimizin, o cümlədən rəşadətli Ordumuzun sayəsində bu gün Qarabağda yenidən həyat canlanıb.

Sonra şəhid Vidadi Zalovun atası, Abşeron Ağsaqqallar Şurasının sədri Nizami Zalov çıxış edərək bildirib ki, oğlu hər zaman Vətəni, onun bütövlüyü üçün çalıb. Oğlunun bir hərbçi kimi daim qaynar nöqtələrdə xidmət etdiyini vurğulayan N.Zalov deyib ki, bu gün ölkəmizin müdafiə qabiliyyəti ən yüksək səviyyədədir və ordumuz bundan sonra da baş verə biləcək düşmən təxribatlarının qarşısını hər an almağa qadirdir.

Sonra şəhid Vidadi Zalovun sinif rəhbəri Gülsurə Pirəliyeva, Vətən müharibəsi iştirakçısı Vidadi Əliyev çıxış edərək şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edib, xatirələrini danışıblar. Çıxışçılar şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.

Daha sonra şəhid Vidadi Zalovun oğlu Nizami Zalov və 2 saylı tam orta məktəbin şagird kollektivi şəhidlərə, Vətənə və qələbəyə aid şeirlər səsləndiriblər.

Tədbirdən sonra Abdin Fərzəliyev şəhid Vidadi Zalovun adını daşıyan sinfə baş çəkib, burada məktəblilər üçün yaradılan şəraitlə tanış olub, şəhidin ailə üzvləri ilə görüşüb.

 

 








Digər xəbərlər

0.22135806083679