Strateji mahiyyəti kəsb edən əlaqələr

15:08 29-04-2024 | icon 197
Strateji mahiyyəti kəsb edən əlaqələr

         Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyaya səfəri, səfər zamanı keçirdiyi görüşlər, mətbuata verdiyi bəyanat tarixi mahiyyət daşıyır. Biz bir daha aydın şəkildə görürük ki, Azərbaycan dövlətinin xarici siyasətində Avropada və dünyada söz sahibi olan güclü dövlətlərlə siyasi-iqtisadi və strateji əməkdaşlıqların və tərəfdaşlıqların qurulması önəmli yer tutur. Avropada belə dövlətlərdən biri də Almaniya Federativ Respublikasıdır. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri sürətlə inkişaf edib. Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır.

Prezident İlham Əliyev hər iki tərəfin ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib. Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir. Bu gün Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti sürətlə inkişaf etməkdədir.

Dövlətimizin başçısı vurğulayıb ki, həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır. Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələbat artır. Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb.

Neft və qaz Tanrıdan verilən böyük nemətdir və ölkələrə bu nemətə görə qiymət verilməlidir. Azərbaycan neftdən, qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə edir. Buna görə də Azərbaycanda yoxsulluq şəraitində yaşayanların faizi son 20 il ərzində 50 faizdən 5 faizə düşmüşdür. Məhz buna görə Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Ölkəmizin birbaşa xarici borcu ümumi daxili məhsulumunun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür və bu gün, ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpasına istiqamətləndirilir.

 Neftlə, qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr, o cümlədən bizdən əvvəl COP-u keçirmiş Misir və Birləşmiş Ərəb Əmirlikləri iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir və bu gün Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya üçlük şəklində fəaliyyət göstərirlər.

Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik.

Şübhəsiz, Prezident İlham Əliyevin Almaniyaya son səfəri  ölkələr arasında  münasibətlərin müsbət inkişaf dinamikasının göstəricisidir.

 

Anar Sadatov,

Cəlilabad RİH-nin şöbə müdiri


Digər xəbərlər

0.21694111824036