AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

19:36 08-05-2024 | icon 262
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ulu Öndər
Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilmiş “Sağlam və
təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi
(təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi
baş tutub.
Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş 2024-ci ildə
Ümumdünya Əməyin Mühafizəsi Günü - “İqlim dəyişikliyinin əməyin mühafizəsi
və sağlamlığına təsiri” devizi altında keçirilən tədbirdə AHİK sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Vüsal Nəsirli, Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, Dövlət
Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Azərbaycan Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Zakir
Əzimov, BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev, AHİK-ə
üzv təşkilatların sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərliyi və KİV
nümayəndələri iştirak ediblər.
Əvvəlcə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin,
eyni zamanda istehsalat qəzalarında həlak olanların əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, 2009-cu ildən
başlayaraq keçirilən bu müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz
əmək şəraiti yaratmaq, bu sahəyə məsul olan şəxslərin məsuliyyətini artırmaq və
işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha həssas yanaşmalarına nail
olmaqdır.

Onun sözlərinə görə, Azərbaycanda BƏT-nin 59 Konvensiyası ratifikasiya
olunub və konvensiyaların tələbləri Əmək, Mülki, Cinayət Prosessual və İnzibati
Xətalar məcəllələrində öz əksini tapıb: “AHİK-in təklifi ilə BƏT-nin 155 saylı
“Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” Konvensiyasının ratifikasiyası
üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanun layihəsi
hazırlanıb müvafiq qurumlara təqdim olunub. Ötən il fevralın 1-də Prezident İlham
Əliyev konvensiyanın təsdiq edilməsi barədə Qanunu imzalayıb. Bundan əlavə,
“Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya”da “Əmək təhlükəsizliyinin
və gigiyenasının təşviq edilməsinin əsasları haqqında” konvensiya müzakirə
edilib və tərəfimizdən ratifikasiya imkanlarının araşdırılması üçün işçi qrupun
yaradılması irəli sürülüb. Artıq bu istiqamətdə iş davam etdirilir”.
Həmçinin Səttar Möhbalıyev qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə
həmkarlar ittifaqları üçün də aktualdır, odur ki, bu ilin avqust və sentyabr aylarında
Bakıda BƏT-lə AHİK-in tədbirləri nəzərdə tutulub.
AHİK sədri vurğulayıb ki, 2023-cü il ərzində 448 müəssisə və təşkilatda
ictimai müayinə işi aparılıb və 1641 pozuntu aşkarlanıb: “Bununla bağlı
işəgötürənlərə 274 təqdimat verilib. Pozuntuların 86,59 %-nin aradan
qaldırılmasına nail olunub. Nəticədə 59 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik
norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 237 nəfərin iş şəraiti
yaxşılaşdırılıb. Əməyin mühafizəsinə dair ayrılan vəsaitin düzgün və məqsədyönlü
xərclənməsinə həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi komissiyaları, üzv
təşkilatların texniki əmək müfəttişləri tərəfindən həyata keçirilən ictimai nəzarət
sayəsində 818 tədbir keçirilib, attestasiya olunmuş iş yerlərinin sayı 2022-ci illə
müqayisədə 11,89 %, tibbi müayinədən keçirilən işçilərin sayı isə 6,36 % artıb”.
Konfederasiya sədri diqqətə çatdırıb ki, əməyin mühafizəsi sahəsində təbliğat
işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə 8 yeni əməyin mühafizəsi kabineti və
718 guşə yaradılıb, bununla da kabinetlərin sayı 61-ə, guşələrin sayı isə 2060-a çatdırılıb: “Ötən 15 il ərzində bu müsabiqəyə 25000-dən çox müəssisə və təşkilat qatılıb, onlardan 645-i bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bu, o deməkdir ki, 25000-dən yuxarı müəssisənin
işəgötürənləri müsabiqədə iştirak etmək üçün təşəbbüs və fəallıq göstəriblər.
Müsabiqənin keçirildiyi müddətdə ölkənin bütün şəhər və rayonlarında 2331
nəfərin iştirak etdiyi seminar, yığıncaq, toplantı və dəyirmi masa təşkil olunub,
AHİK və üzv təşkilatları maarifləndirici tədbirlər keçiriblər. Bu müsabiqədə iştirak
etmək üçün AHİK-in müsabiqə komissiyasına 2560-dan artıq müəssisə, təşkilat,
sex və sahədən 291-inin sənədi daxil olub. Onlardan 67-si İcraiyyə Komitəsinin
qərarı ilə qalib elan olunub”.
Çıxışının sonunda Səttar Möhbalıyev müsabiqənin qaliblərini qazandıqları bu
yüksək nailiyyətə görə tədbir iştirakçıları və şəxsən öz adından təbrik edib, onlara
gələcək əmək fəaliyyətlərində uğurlar diləyib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli çıxışında
əmək münasibətlərindən, əməyin mühafizəsindən, leqallaşdırılmasından, sağlam və
təhlükəsiz əmək şəraitindən, işəgötürənlərin və işçilərin hüquqlarından,
qanunvericilik bazasından və bu sahədə qarşıda duran vəzifələrdən söz açıb.
BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev isə təmsil etdiyi
təşkilatla Azərbaycan həmkarlar ittifaqları arasında olan faydalı münasibətlərdən,
qurumun konvensiyalarının əhəmiyyətindən, birgə əməkdaşlıq çərçivəsində qarşıda
duran vəzifələrdən danışıb.
Sonda müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Həmkarlar
İttifaqı Şurası da daxil olmaqla sahələr üzrə həmkarlar ittifaqını təmsil edən 67
qalib müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.


Digər xəbərlər

0.27926707267761