YAP Qaradağ rayon təşkilatı 25 ildir respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir

17:52 14-10-2018 | icon 3722
YAP Qaradağ rayon təşkilatı 25 ildir respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı 25 ildir respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, qazandığı uğurlarla partiyaya və ölkəmizə xidmət göstərir.

Bu sözləri Yeni Azərbaycan Partiyası Qaradağ  rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.

Aydın Hüseynov deyib: “1992-ci ilin noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında siyasi həyata vəsiqə almış YAP fəaliyyətdə olduğu 26 il ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış edib, ümummilli ideyaları özündə ehtiva edən səmərəli fəaliyyəti ilə xalqın dərin inamını qazanıb.

Böyük strateq qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən yalnız daxili inamına, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də xalqın dəstəyinə arxalanıb, ən böyük dəstəyi ondan alıb. Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 25 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub-saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib. Bu müddətdə hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki surətdə bərqərar olmasına yönəlmişdir. Bütün bunlar cəmiyyətdə Yeni Azərbaycan Partiyasına olan ictimai inamı daha da gücləndirib.

YAP Qaradağ rayon təşkilatı 25 ildir ki, respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, qazandığı uğurlarla partiyaya və ölkəmizə xidmət göstərir. Fəxrlə deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının üzvləri son 25 il ərzində ölkəmizdə keçirilən bütün seçkilərdə olduqca fəal iştirak edib, rayon təşkilatımız yüksək peşəkarlıq nümayiş etdirib, dövlətimizin başçısına və sevimli partiyamıza sədaqətləri ilə seçiliblər.

Uğurlarımıza sevinməyən, dövlətçiliyimizin əleyhinə çıxan, milli maraqlarımıza xəyanət edən müxtəlif qüvvələrə və ayrı-ayrı siyasətbazlara qarşı qətiyyətli mübarizə aparan rayon təşkilatının fəalları dövlətimizə qarşı çıxanlara tutarlı cavablar verirlər.

Qeyd etməliyəm ki, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı silsilə tədbirlər planı hazırlayıb, həyata keçirib.

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı 25 ildir respublikanın ictimai-siyasi həyatında özünəməxsus yer tutub. Təşkilatımız fəaliyyəti dövründə rayon ərazisində Ulu Öndərin siyasi kursuna sadiq qalaraq Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin tövsiyə və tapşırıqlarına əməl edərək ölkəmizin çiçəklənməsi və tərəqqisi naminə çalışıb.

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı öz növbəsində həm də sosialyönümlü tədbirlərdə fəal iştirak edir. Fəaliyyətimizin 25 ili ərzində partiya fəallarımız milli ordumuzda xidmət edən əsgərlərlə, şəhid ailələri ilə, Qarabağ müharibəsi əlilləri və veteranları, Böyük Vətən müharibəsi veteranları, aztəminatlı və yataq xəstələri olan YAP üzvlərinə maddi-mənəvi dəstək göstəriblər.

Bu gün Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atır, beynəlxalq aləmdə özünə layiqli yer tutur. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda siyasi stabillik və vətəndaş həmrəyliyi mövcuddur. Bütün bu uğurlar Azərbaycan Prezidentinin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində qazanılıb.

Sonda Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının çoxsaylı partiya üzvlərini və rayon təşkilatımızın uğurlarına sevinən hər kəsi builki 25 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir və onları ulu öndər Heydər Əliyev yolunun davam etdirilməsində Prezident İlham Əliyevin ətrafında siyasi əqidəmizlə, əməli fəaliyyətimizlə birləşərək vəhdət olmağa səsləyirəm”.


Digər xəbərlər

0.22524905204773