Bolqarıstana asan təslim oldular...

15:35 05-09-2019 | icon 3480
Bolqarıstana asan təslim oldular...

Kapraranı qovun getsin!


Təəssüf ki, bitdi... Qadınlardan ibarət voleybol yığmamız Avropa çempionatında mübarizəni pley-offda dayandırdı. 1/8 final Covanni Kapraranın komandasının son dayanacağı oldu. Əslində yığma bizi yanıltmadı. Turnir boyunca sərgilənən qeyri-sabit oyun, müdafiədə və hücumun təşkilində yol verilən biabırçı səhvlər məhz belə sonluqdan xəbər verirdi. Amma yenə də ümid edirdik. İnanırdıq ki, qrupu 4 qələbə ilə 2-ci pillədə başa vuran voleybolçularımız “dişinə görə” rəqib sayılan Bolqarıstana heç olmasa layiqincə müqavimət göstərəcək. Bir qədər də özlərinə əziyyət verib 1/4 finala vəsiqə qazanacaqlar. Olmadı, bacarmadılar, meydanda can qoymadılar, döyüşmədilər, asan təslim oldular...


Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Alyona Həsənova, Mariya Kirilyuk, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyevadan ibarət heyət özü kimi ortabab komanda qarşısında cəmi 71 (20-25-26) dəqiqə duruş gətirdi. Budapeştdəki Laslo Papp İdman Komleksində 1000 tamaşaçının izlədiyi qarşılaşmanın bizim üçün acı sonluqla bitəcəyini elə ilk setdə anlamaq çətin deyildi. Rəqib meydanda istədiyini edərək hesabda önə keçdi. İkinci setdə də ciddi müqavimətin şahidi olmadıq. Yalnız 3-cü setdə bir qədər özünə gələn millimiz sonluğu gətirə bilmədi. Beləliklə, Mixail Temelislə (Yunanıstan) Filipp Şürmannın (Lüksemburq) idarə etdiyi qarşılaşmada 0:3 (12:25, 16:25, 23:25) hesablı məğlubiyyət qaçılmaz oldu. Təsəvvür edin ki, komandanın lideri və “vuran əli” Polina Rəhimova cəmi 12 xal toplayıb. Onu hərəyə 9 xalla Yelizaveta Səmədova və Odina Əliyeva izləyib. Rəqibin heyətində isə Nasya Dimitrova 14, Gerqana Dimitrova 12 və Elitsa Vasilyeva 11 xalla qələbədə rol oynayıb.


Yığma Qızıl Avropa Liqasında keçirdiyi 6 oyunun hamısında uduzarkən, uğursuzluğu heyətin daha çox gənclərdən formalaşdırılması ilə əlaqələndirirdik. Olimpiya təsnifat turnirində də Braziliyanın aşkar favorit olduğunu nəzərə almışdıq. Bu dəfə isə Qızıl Avropa Liqası ərəfəsində yığmaya gətirilən Covanni Kapraraya bəraət ola bilməz. Voleybol Federasiyasının rəhbərliyi italiyalını ciddi şəkildə sorğulamalı, hətta istefasını belə gündəmə gətirməlidi. Bu yığma əcnəbi mütəxəssislə də qeyri-sabit oyun mərəzindən qurtula bilmirsə, onu saxlamağın heç bir mənası yoxdu. Boşuna pul xərcləməkdənsə, komandanı tapşırın yerli mütəxəssislərdən birinə. Kapraranı qovmaq üçün yığmanın ardıcıl üç yarışda uğursuzluğunu önə çəkmək kifayətdi. 1/8 finalın ən zəif komandası olmağımız da bir başqa dəlildi. Hə, yığma iki il öncə AÇ-nin yarımfinalında, ardınca 3-cü yer uğrunda oyunda büdrəmişdi. Bu dəfə isə...


1/8 finalın digər oyunlarında bu nəticələr qeydə alınıb:

Rusiya – Belçika 3:1 (25:22, 25:15, 21:25, 25:22)
Hollandiya – Yunanıstan 3:0 (25:21, 25:23, 25:12)
Serbiya – Rumıniya 3:0 (25:20, 25:17, 25:23)
Almaniya – Sloveniya 3:0 (25:21, 25:15, 25:20)
İtaliya – Slovakiya 3:0 (25:20, 25:23, 25:20)
Türkiyə - Xorvatiya 3:2 (26:24, 18:25, 31:33, 25:22, 16:14)
Polşa – İspaniya 3:0 (25:20, 25: 20, 25:19)


1/4 final görüşləri sabah keçiriləcək:
Serbiya – Bolqarıstan (Ankara)
Türkiyə - Hollandiya (Ankara)
İtaliya – Rusiya (Lodz)
Polşa – Almaniya (Lodz) (KƏNAN, F+)


Digər xəbərlər

0.24092888832092