“Topaz” - ölkə futbolunu boğan nəhəng cihaz

13:58 04-12-2019 | icon 3282
“Topaz” - ölkə futbolunu boğan nəhəng cihaz

Çox vaxt yerli klubların sponsorlardan asılılığı barədə danışırıq. Özümüzə ritorik suallar veririk və Avropa futbol nəhəngləri ilə müqayisə edirik. Sözsüz ki, Azərbaycan futbol sənayesinin müasir reallıqları hətta orta Avropa klubu ilə müqayisə olunmur. Belə çıxır ki, hamı əlini yanına saxlamalı və yalnız AFFA-dan gələn maliyyə dəstəyini gözləməlidi?

Standart alternativ mənfəət axtarışları praktiki olaraq klubların cüzi aylıq xərclərini qarşılaya bilər. Məsələn, su satışıyla məşğul olan şirkət çətin ki, kluba barterdən savayı hansısa təklif irəli sürsün. İdealda əlavə 15-20 min manat da əlavə edə bilər ki, bu da “dənizdə bir damla”dı.

Klubun atributlarını satmaq da büdcəyə əhəmiyyətli bir töhfə verə bilmir. Bilet satışları? İndi insanlar stadiona heç pulsuz getmirlər, bilet satışından hansı biznes planı haqqında danışmaq olar?

Ancaq hər şey o qədər acınacaqlı deyil və alternativ yollar mövcuddu. Biz klubların potensial mənfəətlərinin bütün xətləri üzrə paralel apardıq. Bu zaman əhəmiyyətli dividendlər gətirə biləcək mexanizmlərin olduğu ortaya çıxdı.

Bu yazıda klubların bukmeker məntəqələri ilə əməkdaşlığını müzakirə edəcəyik. Bu əməkdaşlıq həm Avropada, həm də postsovet məkanında olduqca populyardı. Bəs, Azərbaycanda analoji gedişə nə mane olur? Təəssüf ki, qanunvericiliyə görə, rəsmi olaraq "Topaz" Azərbaycanda fəaliyyət göstərməsinə icazə verilən yeganə bukmeker şirkətidi. Sual olunur, niyə? "Topaz" nəyi ilə belə bərkgedəndi ki, yerli bukmeker sənayesində inhisarçı olub?

Əmsallar? Allah qorusun! Yalnız Azərbaycanda deyil, hüdudlarından kənarda da hamı bilir ki, "Topaz"la oynamaq özünüqəsdə bərabərdi. Yerli şirkətin əmsallarını dünya bukmekerləri ilə heç müqayisə etməyəcəyik. Bu rəzalət sən hər kəsin xəbəri var.

Yazının mövzusu bir qədər fərqlidi. Fakt budur ki, "Topaz" nəinki açıq şəkildə oyunçuların cibinə girir, bu şirkət həm yerli klubların, həm də ümumilikdə futbolun inkişafına mane olur. Bir neçə ildir bu şirkət Peşəkar Futbol Liqasının (PFL) rəsmi tərəfdaşı idi. Bizə dəqiq bəlli deyil ki, "Topaz" Azərbaycan Premyer Liqasını keçirməyə cavabdeh olan təşkilata nə qədər pul verirdi. İndi bu o qədər də vacib deyil. Hazırda daha vacib olan yerli bukmeker inhisarçısının hətta PFL-lə əməkdaşlıqdan imtina etməsidi.

Əlbəttə ki, sıravi vətəndaş bu və ya digər şirkətlə hər hansı bir təşkilatın əməkdaşlıq etməkdə sərbəst olduğuna haqlı olaraq etiraz edə bilər ...amma özünəməxsus şəkildə. Axı problem "Topaz"ın istəməməsində deyil, digər bukmeker şirkətlərinin futbol qurumları ilə əməkdaşlıq edə bilməməsindədi.

Yadınızdadırsa, mövsümün əvvəlində PFL rəhbəri Ramin Musayev xarici bir bukmeker məntəqəsi ilə danışıqlar apardıqlarını qeyd etmişdi. Bəs sonu necə oldu? Qanun qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına imkan vermədi. Gözlənilən müqavilənin məbləği isə 1 milyon manata yaxın idi! Bu pul ölkə futbolunun xeyirinə xərclənəcəkdi. PFL-də yetərincə kreativ kollektivin yığıldığını nəzərə alsaq, əminliklə demək olar ki, bu qurumun işçiləri həm stadiona azarkeş cəlb etmək, həm də ümumilikdə futbolu tanıtmaq üçün çox iş görə bilərdilər.

Biz isə ölkənin ən populyar klublarından birinə - "Neftçi" yə də müraciət etdik. Klubun marketinq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Rüstəm Allahverdiyev əməkdaşımızla söhbətində qanunun məhz bu bəndinin klubu yetərincə böyük məbləğdən məhrum etdiyini qeyd etdi: "Bildiyiniz kimi, 2018/19 mövsümündə klubumuz Avropa Liqasında iştirak etdi. Xarici bukmeker şirkətlərindən biri bizə ev oyunlarında banner yerləşdirmək təklifi verdi. Avropa Liqasının üçüncü mərhələsinədək iirəlilədik. Təklif olunan müqavilənin şərtlərinə görə, "Neftçi" təxminən 100.000 dollar (170.000 manat - red.) qazanacaqdı".

Qeyd etmək lazımdır ki, bu, Azərbaycanda çıxış edən yüksək səviyyəli bir futbolçunun illik maaşıdı.

Nə alınır? Ən aşağı əmsallar təklif etməklə "Topaz" yalnız bukmeker həvəskarlarından pul oğurlamır. Bu şirkətin ölkə futbolunun inkişafı yolunda heç bir vəsait xərcləməməsi də bir yana. Bundan da acınacaqlısı odur ki, "Topaz" ölkə futbolunda fəaliyyət göstərən qurumlara, habelə ölkə klublarımıza pul qazanmağa və bununla da inkişaf etməyə mane olur. Bu, ölkə futbolunu boğan bir nəhəng cihazdı.

Çox ümid edirik ki, Milli Məclisə növbədənkənar seçkilərdən sonra bu məsələ qaldırılacaq və xaql tərəfindən seçilmiş insanlar qanuna dəyişikliklər edərək futbol qurumları və klublarına bukmeker şirkətlərindən qazanc əldə etməyə imkan verən və "Topaz"ın inhisarına son qoyacaq vəziyyətə peşəkarcasına qiymət verəcəklər.(sport24)


Digər xəbərlər

0.21510791778564