Səttar Möhbalıyev: “Yeni reallıqlar fonunda Azərbaycan qazına tələbat durmadan artır”

10:33 03-10-2022 | icon 844
Səttar Möhbalıyev: “Yeni reallıqlar fonunda Azərbaycan qazına tələbat durmadan artır”

“Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın enerji strategiyası
görülən effektli işlər, həyata keçirilən nəhəng layihələr, qəbul olunan mühüm
qərarlar sayəsində dünyanın diqqət mərkəzindədir. Bu gün ölkəmiz enerji
potensialını düzgün qiymətləndirərək çoxşaxəli enerji siyasəti ilə regional və
qlobal əhəmiyyətli aktora çevrilib. Həmçinin ölkəmizin durmadan artan iqtisadi
qüdrəti, regionda lider dövlət statusuna sahib olması, beynəlxalq təşəbbüsləri,
reallaşdırdığı faydalı layihələr onun beynəlxalq nüfuzunu xeyli artırıb. Artıq
beynəlxalq aləm bu gün dərindən anlayır ki, Azərbaycan dünya üçün nə qədər
əhəmiyyətli və potensialı yüksək olan ölkədir. Əsasən neft-qaz mənbələrindən
asılı olan Avropa regionu ölkələri enerji təhlükəsizliyi baxımından
Azərbaycanla əməkdaşlığa böyük üstünlük verirlər”.


Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.


Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu enerji siyasəti ölkəmizi
regionda böyük enerji mərkəzinə çevrib. Demək olar ki, bu sahədə
Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır və
Azərbaycan qazının Avropa bazarında satış dairəsi genişlənir: “Oktyabrın
1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində dövlətimizin başçısı cənab İlham
Əliyevin iştirakı ilə açılışı baş tutan Yunanıstan-Bolqarıstan Qaz
İnterkonnektoru Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq və bu ölkənin
tələbatının 25-30 faizini ödəyəcək. Aydın görünür ki, yeni reallıqlar fonunda
Azərbaycan qazına tələbat durmadan artır və ölkəmiz Türkiyə, Gürcüstan,
Yunanıstan, Albaniya və İtaliya kimi ölkələrin qaz təchizatında önəmli rol
oynayır və bu sıraya artıq Bolqarıstan da daxil oldu. Bolqarıstan Prezidenti
cənab Rumen Radev mətbuata bəyanatında açıqladı ki, Rumıniya, Macarıstan

və Slovakiya əlavə qaz həcmini almaq və nəql etmək istəyindədirlər. Bu, onu
göstərir ki, Mərkəzi, Qərbi və Cənubi Avropa ölkələri üzləşdikləri enerji
böhranından xilas yolunu bu sahədə Azərbaycanla əməkdaşlıqda görürlər.
Açılış mərasimində səslənən fikirlərdən də göründü ki, ölkəmizin etbarlı
tərəfdaş olduğu hər zaman təqdir olunur və təbii ki, əməkdaşlıqda bu məsələ son
dərəcə vacib amildir. Dövlətimiz atdığı hər bir imzasına hörmətlə yanaşıb,
enerji ixracına başladığı gündən indiyə kimi təchizatda heç bir gecikmə
olmayıb, müqavilə şərtləri dəyişməyib, bir sözlə, Azərbaycan öz öhdəliklərinə
sadiqlik nümayiş etdirərək vəzifələrini vicdanla icra edib”.
“Ölkəmiz 2027-ci ilə qədər təbii qazın təchizat həcmini iki dəfə artırmaq
niyyətindədir, həmçinin Avropanın elektrik enerjisi ilə təchizi məsələsi də
gündəmdədir. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycan qoca qitənin elektirik
enerjisi ilə təchizatında mühüm ölkələrdən birinə çevriləcək. Və bütün bunlar
ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, valyuta ehtiyatlarının,
büdcə gəlirlərinin artmasına, iqtisadi imkanlarının genişlənməsinə gətirib
çıxaracaq”, - Milli Məclisin deputatı deyib.


Digər xəbərlər

0.26421499252319