AHİK şəhid və qazi ailələrinə bayram hədiyyələri göndərib

11:38 05-11-2022 | icon 1003
AHİK şəhid və qazi ailələrinə bayram hədiyyələri göndərib

Vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq,
həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı
aillərərə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək
dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu məqsədlə ölkəmizdə
müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas
əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli
işlər görülür.
Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist
layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər.
Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi
fəaliyyəti ilə fərqlənir. Belə ki, Fondun prezident Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və
dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün
bayram süfrələri təşkil olunur.
Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas
iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağrışlarına adekvat cavab
verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə
Komitəsinin qərarları əsasında 2020-ci il aprelin 29-da respublikanın 76 şəhər
və rayonunda yaşayan 3 900, 2021-ci il martın 17-də 3 900, həmin il mayın 8-də
4 000, bu il martın 16-da 4 065 şəhid ailələri və qazilər, həmçinin aztəminatlı
ailələr üçün ərzaqla dolu avtomobil karvanları yola salınıb.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına
orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün
maliyyə vəsaiti ayrılıb. Ümumilikdə bu günə qədər AHİK tərəfindən 15 minə
yaxın aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb.
Bu nəcib missiyanın davamı olaraq noyabrın 5-də qarşıdan gələn Zəfər Günü ilə
əlaqədar AHİK İcraiyyə Komitəsinin qərarı əsasında respublikanın rayonlarında

yaşayan 5500 şəhid və qazi ailəsi üçün ərzaq dolu avtomobil karvanı yola
salınıb. Bura Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid və qazi ailələri
də daxildir. AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün
bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları
göstərirlər.
Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev bildirib ki, ölkəmizdə Zəfər bayramı ilə əlaqədar həmrəylik
yaşanır: “Bütün dövlət orqanları, ictimai təşkilatlar, o cümlədən vətəndaşlarımız
şəhid ailələrinin üzvləri ilə, qazilərlə, veteranlarla görüşür, qayğıları ilə
maraqlanır, onlara sovqatlar verirlər.
Onlar dövlətimizin qayğıları ilə tam əhatə olunub. Demək olar ki, bütün
ehtiyacları dövlət tərəfindən hərtərəfli qarşılanır. Bu da hər birimizə məlumdur
ki, Azərbaycan öz şəhidlərinə ən ali qiyməti verən nadir ölkələrdəndir.
Kimliyindən asılı olmayaraq, hər birimizin müqəddəs borcudur ki, Vətən
uğrunda canından keçən oğul və qızlarımızı unutmayaq, onların valideyinlərinə,
həyat yoldaşlarına, yadigar qalan övladlarına dəstək olaq”.
S.Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqları şəhid ailələrinə və qazilərə
mütəmadi dəstək verir: “Onlara maliyyə yardımı göstərir, şəhid övladlarının bir
qisimini himayəyə götürüb, istirahətlərinin mənalı keçirilməsi, sağlamlıqlarının
qorunması üçün yollayışlarla təmin edir. Bu gün qarşıdan gələn Zəfər bayramı
münasibətilə 4500 şəhid ailəsi və qazilər üçün sovqatlar yola saldıq. Əsas
məqsədimiz əziz gündə onları yad etmək, maddi-mənəvi dəstək olmaqdır. Ötən
gün biz AHİK tərəfindən övladları himayəyə götürülən şəhidlərimizin ailə
üzvlərinin bir qismi ilə görüşdük, qayğıları ilə maqlandıq. Bu, bizim hər
birimizin müqəddəs borcudur. Çünki onlar əzizlərini bu Vətən, torpaq yolunda
şəhid veriblər”.
Milli Məclisin deputatı əlavə edib ki, bu tipli layihələrimizi bundan sonra da
davam etdirəcəyik.


Digər xəbərlər

0.24070405960083