44 günlük müharibənin hər günü şanlı tarixdir

09:49 09-12-2022 | icon 897
44 günlük müharibənin hər günü şanlı tarixdir

44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün
gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma
torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Bəli,
qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün
biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa
edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz –
bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq. 2020-ci il
sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab
olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər
yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər bir
kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə
mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı.
Vətən müharibəsi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin
qətiyyəti, iradəsi, müzəffər Ordumuzun rəşadəti və qəhrəmanlığı nəticəsində
zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın
birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə
yazıldı. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir
fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa
qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu
göstərdi, torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərin qisası
alındı.Xalqımızın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-
iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdəndir. İşğal
altındakı ərazilərimiz düşməndən azad olunandan bir neçə gün sonra
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın tarixi torpaqlarımıza səfərləri hər birimizdə qürur
hissi yaratdı. Dövlətimizin başçısı həmin ərazilərdə bayrağımızı ucaldaraq bəyan
etdi ki, bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu
babalarımız yaşayıb, biz yaşamışıq, xalqımız yaşayıb.İşğalçı ermənilərin onilliklər
boyu vurduğu yaraları sağaltmaq, Qarabağı işğaldan əvvəlki gözəl çağlarına
qaytarmaq üçün indi Azərbaycan dövləti və xalqı böyük işlər görür. Düşməndən

təmizlənən torpaqlarda bərpa-quruculuq işlərinə başlanılıb, artıq bu
istiqamətdə uğurlu nəticələr əldə olunub.
Bu gün düşməndən azad edilən torpaqlarda minatəmizləmə əməliyyatları
ilə paralel olaraq əsas infrastruktur layihələri sürətlə reallaşdırılır. Ərazinin
elektrik təchizatı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlət
başçısının tapşırığına əsasən ötən il noyabr ayının 16-da təməli qoyulmuş və
uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə
alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-
Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə yol
Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Hazırda Bərdə-Ağdam,
Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl
yollarıda sürətlə tikilir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı
üzrə yol çəkilir. Qarabağın işğaldan azad olunmasından sonra sürətlə aparılan
infrastruktur quruculuğu layihələrindən vacib hesab olunan hava limanlarıdır.
Füzuli Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib, Zəngilan Hava Limanında
tikinti işləri yekunlaşmaq üzrədir, Laçında isə inşaat işləri davam edir.
Azərbaycan düşməni məhz özünün güclü Ordusu ilə cəzalandırdı və torpaqlarını
işğaldan azad etdi. Əlbəttə, Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla
əldə olunmayıb. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli
düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün
ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi.
Verilən məlumatlara görə, müharibə dövründə düşmənin hərbi birləşmələrinin
təxminən 10 min əsgər və zabiti fərarilik edərək döyüş meydanından qaçıb.
Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini
bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi
günisə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən
sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı
imzalamaq məcburiyyətində qaldı. Vətən müharibəsində qazanılan şanlı
Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev “Müzəffər xalq kimi gəldik.
Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt
nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq
göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi
bərpa etdik”.

Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da
müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən
müharibəsində Zəfər Günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin
təntənəsidir. Xalqın "dəmir yumruq"da birləşərək düşmənə zərbə vurması
tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın "Qarabağ
Azərbaycandır!" şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim
birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda
şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün
silinməz, unudulmaz dastan yazdılar. Qarşınızda baş əyirik, yurdu yaşatmaq
üçün can verən qəhrəmanlarımız!

Bəhruz Quliyev
Saatlı rayonu Fətəlikənd kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.26766991615295