Ermənistanı kənarda saxlayan layihə

20:30 16-01-2023 | icon 1007
Ermənistanı kənarda saxlayan layihə

Məlum olduğu kimi, bu gün dünyada müşahidə olunan sürətli qiymət artımı
və inflyasiya bütün ölkələr üçün çox ciddi bir problemə çevrilib. Hətta inkişaf
etmiş Qərb ölkələri belə özlərini bu problemdən sığortalaya bilmirlər. O
cümlədən, son illər ərzində inflyasiya göstəriciləri maksimum 1,5 faiz həddini
aşmayan ölkələrdə bu gün həmin göstərici 10 faizi üstələyir. Əlbəttə ki,
Azərbaycan da dünya iqtisadiyyatının bir parçası olaraq bir çox məhsulları idxal
etdiyinə görə ölkəmizin də bu inflyasiyanın təsirinə məruz qalması labüddür.
Yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində cənab
Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycandakı inflyasiya idxal edilmiş
inflyasiyadır. Lakin ölkəmiz bu amilin mənfi təsirini minimuma endirmək
məqsədilə bütün mümkün imkanlardan istifadə edir. O cümlədən idxalı
əvəzləyən yerli istehsalın daha da genişləndirilməsi məqsədilə müvafiq
addımlar atılır. Keçən il aparılan islahatlar nəticəsində, o cümlədən biznes
mühitinin yaxşılaşdırılması, sağlam rəqabətin təşviqi, inhisarçılığa qarşı
mübarizə, gömrük sistemində olan pozuntuların aradan qaldırılması, kadr
islahatları, əlbəttə ki, bu məsələdə öz müsbət təsirini göstərəcək. Eyni zamanda
da Azərbaycan dövləti birbaşa cənab Prezident İlham Əliyevin təşəbbüsləri ilə
vətəndaşların sosial rifahının yüksəldilməsi məqsədilə praktiki addımlar atıb.
Görülən əhəmiyyətli tədbirlərdən minimum əməkhaqqının 15 faiz artırılaraq
345 manat həddinə yüksəldilməsini qeyd etmək lazımdır ki, bu da inflyasiyanın
fəsadlarının yumşaldılmasına önəmli töhfədir. Eyni zamanda, pensiyaçıların
sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz
artırılaraq 280 manata çatdırılıb. Əlbəttə ki, bu heç də son hədd deyil. Lakin
bunu da nəzərə almaq lazımdır ki, hazırda xərclərin əsas istiqaməti Qarabağı və
Şərqi Zəngəzuru bərpa etmək və ordumuzun potensialını gücləndirməkdir.
Dövlət başçımızn dediyi kimi, bu iki əsas prioritet ölkəmiz üçün hələ uzun illər
prioritet kimi qalacaq.
Cənab Prezident İlham Əliyevin öz müsahibəsində toxunduğu vacib
məqamlardan biri də əlbəttə ki, Zəngəzur dəhlizi ilə bağlı oldu. Məlumdur ki,
Azərbaycan nəqliyyat sahəsində artıq uzun illərdir ki, mühüm beynəlxalq
layihələrin aparıcı iştirakçısı və bir çox hallarda həm də təşəbbüskarı kimi çıxış
edir. Müasir dünyada gedən proseslər, xüsusilə yeni dünya düzəninin məhz necə
formalaşmasına ciddi təsir göstərəcək Rusiya-Ukrayna müharibəsi
Azərbaycanın gördüyü işlərin əhəmiyyətini daha da artırmışdır. Dövlət
başçımızın qeyd etdiyi kimi, Azərbaycan bu sahəyə uzun illərdir ki, böyük
vəsaitlər qoyur. Nəticə olaraq Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı,
həm də Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb.
Hesablamalara görə təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan
ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Həmçinin Azərbaycan Orta Dəhliz layihəsi ilə bağlı ardıcıl siyasət aparır.

Hələ beş il bundan əvvəl Azərbaycan təşəbbüskarı olduğu Bakı-Tbilisi-
Qars dəmir yolunun açılışını etdi. Qeyd olunmalıdır ki, bəzi böyük Qərb
ölkələrinin bu layihənin əleyhinə çıxış etmələri və çox ciddi maneələr
törətmələri səbəbindən layihənin icrası mümkün ola biləcəyindən daha çox
zaman aldı. Həmin ölkələrin layihəyə qarşı çıxmalarının səbəbi də ondan ibarət
idi ki, bu, Ermənistanı faktiki olaraq kənarda saxlayan bir layihədir. Cənab
Prezident İlham Əliyevin dediyi kimi, ermənipərəstlik bu layihənin icrasında da
özünü göstərdi. Lakin Azərbaycan bütün hallarda olduğu kimi, öz məqsədinə
nail oldu və hazırda bu layihənin genişləndirilməsi ilə bağlı ciddi iş gedir.
Həmçinin Orta Dəhliz layihəsinin tam reallaşması baxımından xüsusilə önəmli
olan Zəngəzur dəhlizinin iqtisadi səmərəsinin təsdiqi bu layihənin reallaşmasını
labüd edən əlavə amil kimi çıxış edir. Hazırda gündəmdə duran əsas
məsələlərdən biri Orta Asiyadan gedən yüklər üçün yeni yolların açılmasıdır.
Məhz buna görə də Zəngəzur dəhlizinin iqtisadi səmərəsi artıq heç kimdə şübhə
doğurmur. Eyni zamanda da möhtərəm dövlət başçımız bu layihənin təkcə
Azərbaycan üçün deyil, həm də bir neçə qonşu ölkə üçün, böyük bir coğrafiya
üçün strateji bir layihə olduğunu vurğuladı və bir daha bəyan etdi ki, bu
layihənin reallaşması ölkəmizin təbii hüququdur. Azərbaycan Prezidenti
Zəngəzur dəhlizinin açılması şərtinin 10 noyabr 2020-ci il tarixində imzalanmış
üçtərəfli Bəyanatda da öz əksini tapdığını xatırlatmaqla Ermənistan hökumətinə
növbəti mesajını da göndərdi. Həmin sənəddə açıq-aydın göstərilir ki,
Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında
nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur
dəhlizinin açılması bütün Cənubi Qafqazın gələcəyi üçün böyük önəm kəsb
edən tarixi zərurətdir və Ermənistan istəsə də, istəməsə də bu layihə reallaşacaq.

Mədinə Xudabaxışova
Saatlı rayonu Fətəlikənd kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.25002002716064