AHİK-də “Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub

10:01 16-03-2023 | icon 713
AHİK-də “Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
(ATİAHİ RK) təşəbbüsü ilə çap olunmuş “Qəhrəman təhsil işçiləri” kitabının
təqdimat mərasimi keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov,
“Yaşat” Fondunun İdarə Heyətinin üzvü Şair Ramaldanov və müharibə iştirakçısı
olmuş təhsil işçilərinin iştirak etdiyi tədbirdə əvvəl Azərbaycanın ərazi bütövlüyü
uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca 44 günlük Vətən müharibəsində şəhid olmuş təhsil işçilərinin xatirəsinə
həsr olunmuş video-çarx nümayiş olunub.
Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, Azərbaycan Ordusu
işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Silahlı Qüvvələrin Ali Baş
Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən
etibarən Zəfər yürüşünə başladı: “Qırx dörd gün davam edən hərbi əməliyyatlar
nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları
və silahlı qüvvələrini darmadağın etdi. Müzəffər Ordumuz 44 gün ərzində bütün
dünyaya öz qüdrətini, gücünü göstərdi. Düşmən məğlubiyyətini etiraf etdi,
kapitulyasiyaya uğradı. Nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən
torpaq həsrətinə birdəfəlik son qoyuldu”.
AHİK sədri qeyd edib ki, Vətən müharibəsində 760 nəfərdən çox təhsil işçisi
döyüşlərə qatılıb: “Onlardan 21 nəfəri şəhid olub. Vətən müharibəsində canından
keçmiş bütün şəhidlərimizin xatirəsini bir daha ehtiramla anır, onların ruhu
qarşısında baş əyirik. Azərbaycan xalqı onların əziz xatirəsini hər zaman uca
tutacaq”

Onun sözlərinə görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi tərəfindən tərtib olunan “Qəhrəman təhsil işçiləri” kitabı
ikinci Qarabağ müharibəsində silaha sarılan təhsil işçilərinə həsr olunub: “Hesab
edirəm ki, bu kitabın çap edilməsi döyüşlərdə həlak olmuş şəhid təhsil işçilərinin
xatirəsinin əbədiləşdirilməsi, müharibədə iştirak etmiş ittifaq üzvlərinin keçdiyi
nümunəvi döyüş yolunun gələcək nəsillərə təbliği və onlarda milli vətənpərvərlik
hissinin inkişaf etdirilməsi baxımından faydalı olacaq”.
Sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov, polkovnik Şair
Ramaldanov və başqaları çıxış edərək Ordumuzun şücaətindən, gənclərimizin
vətənpərvərliyindən danışıblar.


Digər xəbərlər

0.2548611164093