Azərbaycan etibarlı tərəfdaşdır

14:42 02-06-2023 | icon 572
Azərbaycan etibarlı tərəfdaşdır

        Prezident İlham Əliyev cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışında maraqlı detallara toxunub və reallıqlara söykənən mesajlar verib.  Dövlət başçımız ölkəmizin cari və perspektiv imkanlarının mənzərəsini göz önünə qoyub.

        Cənab İlham Əliyev göstərib ki, 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin ildə “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. 1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. O zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. 

        “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi.. Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək.

       Biz qarşımıza qoyduğumuz məqsədə çatmışıq. Xüsusilə Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir. Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Memorandum uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvüdür.

         Haqqında söz gedən sərgilər qlobal müzakirə platforması kimi özünü təsdiq etdi və dünya iqtisadiyyatının oyunçuları tərəfindən qəbul edilən mühüm bir tədbir oldu. Burada tərəfdaşlıq məsələsi ilk sırada dayanır. Hesab edirik ki, bu məqam istər milli, istər regional və istərsə də qlobal siyasət təşəbbüsləri baxımından respublikamız üçün olduqca önəmlidir.

 

İsabala Qurbanov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Mikayıllı kənd İnzibati-Ərazi Dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.24970293045044