Adilə Süleymanova: " Əsas məqsədimiz triatlonu bölgələrimizdə populyarlaşdırmaqdır"

10:12 05-06-2023 | icon 1300
Adilə Süleymanova:

"Bu gün Azərbaycan idmanı üçün mühüm günlərdən biridir.  Artıq ikinci ildir ki, "Triterra" klubunun təşkilatçılığı,  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə “IronWind” açıq ölkə turniri keçirilir".

Bu fikirləri Azeripress.az-a açıqlamasında Bakının Pirallahı rayonundakı Nərəkənd parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “IronWind” açıq ölkə turnirinin keçirilməsi ilə bağlı danışarkən Azərbaycan Triatlon Federasiyasının idarə heyətinin üzvü, "Triterra" klubunun idmançısı Adilə Süleymanova deyib.

Adilə xanım xatırladıb ki, bu yarış Xəzər dənizində 1,9 km məsafəyə üzmək, 90 km məsafəyə velosiped sürmək və 21,1 km məsafəyə qaçışdan ibarətdir:

"Ümumiyyətlə triatlon özündə 3 fərqli idman növünü (üzgülüçük, velosiped idmanı və qaçış)  birləşdirdiyi üçün dünyada ən çətin idman növlərindən biri sayılır. 

Bugünki yarışımız həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulub. Düzdür, uşaqlar yalnız qaçışda iştirak edirlər. Bizim əsas məqsədlərimizdən biri də bu idman növünü nəinki böyüklər, azyaşlılar arasında da populyarlaşdırmaqdır ki, gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda gənc nümayəndələrimiz təmsil etsin. 

Qeyd edim ki, federasiyamız yeni tərkibdə formalaşıb. Biz artıq gələcək məqsədlərimizi planlaşdırmışıq. İlk olaraq da çalışırıq ki, bu idman növünü bölgələrdə inkişaf etdirək. Triatlon üçün bölgələrimizdə çox gözəl infrastruktur olsa da, insanlar hələ ki, bu idman növü ilə tanış deyillər. Çox populyar olmadığı üçün də qoşulanlar olmur. Bizim də əsas məqsədimiz bu ildən bölgələrdə insanları bu idman növünə təşviq etmək olacaq.

Qeyd etdiyim kimi, bu yarışın ölkəmizdə ikinci dəfə keçirilməsinə baxmayaraq həm keçən il, həm də bu il xarici ölkə vətəndaşları da yarışda iştirak edirlər. Bu il onların sayı daha çoxdur. Onlardan bəziləri ölkəmizdə çalışan və yaşayanlar olsa da, bir çoxları bilavasitə bu yarışda iştirak etmək üçün ölkəmizə səfər ediblər. 

Bu da yarışın onlar üçün cəlbedici olmasının və xarici ölkələrdə də bizim yarış haqda məlumatlı olmalarının bir sübutudur. Bu da bizi sevindirməyə bilməz" - Adilə Süleymanova bildirib. 


Digər xəbərlər

0.3044810295105