Abdin Fərzəliyev və Səmyar Abdullayevdən şikayətçi vətəndaşlar mətbuat konfransı keçirdi-FOTO,VİDEO

12:16 26-01-2017 | icon 7660
Abdin Fərzəliyev və Səmyar Abdullayevdən şikayətçi vətəndaşlar mətbuat konfransı keçirdi-FOTO,VİDEO

Məzahir Nəsibov Almaniyadan “Skype” ilə jurnalistlərin suallarına cavab verdi

 “Səmyar Abdullayevlə birlikdə Abdin Fərzəliyevin qəbulunda olmuşam və başçı mənə deyib ki, sən narahat olma, Səmyarla bu işi həll edin, hər şey yaxşı olacaq”

Yanvarın 24-də Qafqaz Xəbər Media Mərkəzində Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən “gözdən əlillərin binası”nda mənzil verilməsi adı ilə aldadılan və pulları mənimsənilən vətəndaşların mətbuat konfransı keçirilib. Tədbiri giriş sözüylə açan Qafqaz Xəbər Media Mərkəzinin direktoru Rəşad Rüstəmov bildirib ki, dələduzluq əməlləri hüquq mühafizə orqanlarının araşdırma predmeti olsa da, əksər hallarda bu və digər xoşagəlməz hallara mətbuat aydınlıq gətirməli, yeni faktlar ortaya çıxarmalı olur.

“Bura toplaşan vətəndaşlar məmurlar tərəfindən fırıldağın qurbanı olduqlarını, hüquq mühafizə orqanları tərəfindən isə şikayətlərinin ciddiyə alınmadığını deyirlər. Bu gün biz KİV nümayəndələrini bir araya topladıq ki, bu və digər məqamlara aydınlıq gətirilsin, jurnalist həmkarlarımız da şikayətçiləri dinlədikdən sonra öz suallarını versinlər və lazım bildikləri halda araşdırma aparsınlar”, – deyə R.Rüstəmov vurğulayıb.

Şikayətçi vətəndaşların nümayəndəsi kimi çıxış edən, zərərçəkmiş vətəndaş Mübariz Hacıyev bildirdi ki, Nərimanov RİH və AzGəc rəhbərliyi ilə əlaqədə fəaliyyət göstərən, ötən ildən bəri Almaniyada sığınacaq alan Məzahir Nəsibov adlı şəxs 160-a yaxın şəxsdən pul alaraq, gözdən əlillər üçün inşa olunan binada mənzil veriləcəyini vəd edib. M.Hacıyevin sözlərinə görə, onlar aldadılıb ki, Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan 12 mərtəbəli evin yalnız dörd mərtəbəsində əlillər yaşayacaq, digər 8 mərtəbə Prezidentin sərəncamına əsasən aztəminatlı ailələrə ucuz qiymətə satılacaq. Bir vətəndaşdan 55 min, birindən 65 min, digərindən hətta 100 min və daha çox pul alınan bu “oyun”larda ümumilikdə 160-a yaxın vətəndaşın 8 milyon manatdan çox pulu mənimsənilib.

Vətəndaşlar bildirirlər ki, onlar sadəcə əlil yataqxanasına qeydiyyata alınıblar, mənzil verilməsi isə baş tutmayıb. Hazırda aldadıldıqlarını anlayan vətəndaşlar pullarını tələb edirlər. “Bu gün Nərimanov RİH və AzGƏC sözügedən fırıldaqda iştiraklarını dansalar da, demək olar ki, hər bir şikayətçi vətəndaş bu proseslərdə RİH və AzGƏC təmsilçiləri ilə ünsiyyətdə olub, onlara Abdin Fərzəliyev də daxil olmaqla, bir çox rəsmi şəxslərin imzaları və möhürləri olan sənədlər təqdim edilib. Bizim sənədlərimizi hazırlayıb, imtiyazlı mənzil növbəsinə yazıblar. Həm də çox maraqlıdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin Nərimanov RİH başçısı Abdin Fərzəliyevə məktubunda bir neçə şəxsin II Qrup əlil və ya Qarabağ müharibəsi əlili olduğu qeyd olunur. Həmin vətəndaşlardan bəziləri burdadır. Qoy onlar da desinlər, əlildirlərmi?”, – deyə M.Hacıyev vurğuladı.

Tədbirdə iştirak edən digər zərərçəkmişlər də vurğuladı ki, hər hansı əlillikləri olmadan onlar rəsmi sənəd və yazışmalarda əlil kimi qeyd olunublar.

M.Hacıyev Nərimanov RİH başçısının 1-ci müavini Şahmar İbadov tərəfindən sərəncamların həqiqiliyinin etiraf olunduğunu, amma bir müddət sonra isə ləğv olunduğunu qeyd etdi: “Biz öz haqqımızı tələb edəndə əvvəlcə sərəncamları ləğv etdilər, sonra da yalançı bir cinayət işi açıldı və guya, Məzahir Nəsibov ölkəyə qayıdanda onu tutacaqlar. Amma bu fırıldağın digər iştirakçıları Abdin Fərzəliyev və Səmyar Abdullayev bizdən mənimsədikləri 8 milyon manatdan çox pulu qaytarmamaq üçün bu varianta əl atıblar. Bir qrup zərərçəkmiş Nərimanov RPİ-nin istintaq şöbəsinin rəisi Vüqar İsmayılovun yanına gedib izahat yazmaq istədiklərini bildiriblər, lakin Vüqar İsmayılov onları sadəcə ayaqüstü dinləyib və yazılı ifadə almadan yola salıb. Bizə istintaqın gedişatı haqqında məlumat verilmir”.

Tədbirdə iştirak edən hüquqşünas-ekspert Aqil Qəhrəmanov isə bildirdi ki, Qarabağ müharibəsi əlili olan şəxslər 1994-cü ildən qeydiyyyatda olmalı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən də müvafiq sənədlər təqdim olunmalı idi: “Araşdırma aparılsa, bir çox başqa məqamlar üzə çıxa bilər. Belə ki, burda əlil olmayan şəxslərin əlil kimi qələmə verilməsinin hansı sənədlərə, kimin arayışına əsasən baş tutduğu müəyyən edilməlidir”.

Mənzillərin “satılmasında” vasitəçi  olduğunu təsdiqləyən ,hazırda Almaniyada yaşayan Məzahir Nəsibov isə internetdə “Skype” bağlantısı ilə bildirdi ki, ümumilikdə 156 vətəndaşdan pul alaraq Səmyar Abdullayevə verib, özü isə məbləğə görə, hər mənzilin pulundan 5-10 min manat arası pul götürüb: “Səmyar Abdullayev deyir ki, guya mən skanerlə o sənədləri hazırlamışam. Dörd il ərzində skanerlə necə sənəd düzəldə bilərdim? Pulu sizə gətirib verirdim, siz də sənədləri icra hakimiyyətinə təqdim edirsiniz, icra hakimiyyəti sənədləri göndərir “Baksovet”ə (Bakı Şəhər İcra Hakimiyyəti), aparat rəhbəri Rasim Quliyev tərəfindən təsdiqlənib qayıdır rayon icra hakimiyyətinə, sonra rayon icra başçısı öz imzasıyla sərəncam verir… Bütün bu işləri skanerlə necə görə bilərdim?”.

O, 1 milyon manatdan çox xərc aparmış bağ evini, mağazasını və başqa obyektlərini Fariz adlı “makler”ə tapşırdığını, zərərçəkmişlərin pulunu ödəməyi həvalə etdiyini deyib: “Lakin bir neçə nəfər mənim bağ evimi 500 min manata qiymətləndirərək, öz aralarında bölüşdürdülər. Halbuki, o ev öz qiymətinə satılsaydı, onlarla vətəndaşın pulu ödənilə bilərdi. Arada bəzi şəxslər olub ki, onlara çox pul qalıb, zərərçəkmişlərin pulunu ödəmək əvəzinə mənimsəyiblər.

Səmyar Abdullayev və Abdin Fərzəliyev isə bu işin başında olub və pulların böyük qismi onlara çatıb. Mən şəxsən Səmyar Abdullayevlə birlikdə Abdin Fərzəliyevin qəbulunda olmuşam və başçı mənə deyib ki, sən narahat olma, Səmyarla bu işi həll edin, hər şey yaxşı olacaq. Lakin 2016-cı ilin yazında məni qəfildən Nərimanov RPİ-yə apardılar… İsmayıl müəllim mənə “sən dələduzsan” deyəndə ona “dələduz Səmyarla Abdindir” dedim və rəis təəccüb etdi. Daha sonra mən anladım ki, Abdin Fərzəliyev və Səmyar Abdullayev məni qurban verəcəklər, ona görə də 1 həftə içində vizamı düzəldib Azərbaycanı tərk etdim. Bu vətəndaşların pulları qaytarılmalıdır. Mənim bütün malım-mülküm Azərbaycanda qalıb. Amma daha çox pul çatan, bu işin birbaşa təşkilatçısı olan Səmyar Abdullayev və Abdin Fərzəliyev də birbaşa məsuliyyət daşıyırlar”. M.Nəsibov vurğulayıb ki, bütün görülən işlərdən və alınan pullardan RİH-in də, AzGƏC-in də məlumatı olub. Onun sözlərinə görə, vətəndaşlara mənzillərin verilməyəcəyindən özünün də xəbəri olmayıb.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 


Digər xəbərlər

0.25867319107056