Bakıda AHİK və TÜRK-İŞ-in birgə yığıncağı keçirilib

17:57 28-07-2023 | icon 599
Bakıda AHİK və TÜRK-İŞ-in birgə yığıncağı keçirilib

Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası, Türkiyənin İşçi Həmkarlar
İttifaqları Təşkilatları Konfederasiyası (TÜRK-İŞ), Qırğızıstan Həmkarlar
İttifaqları Federasiyası və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının
rəhbərliyi və nümayəndələri Bakıda səfərdədir.
İyulun 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri,
Milli Məclisin deputatı Səttar Möhbalıyev və Türkdilli dövlətlərin həmkarlar
ittifaqlarının rəhbərləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri,
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla
yad edərək məzarı önünə gül dəstələri düzüblər. Sonra Ulu Öndərin ömür-gün
yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi
ehtiramla yad olunub. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-
alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.
Daha sonra Şəhidlər xiyabanına gələn nümayəndələr ölkəmizin müstəqilliyi və
ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinə ehtiramlarını
bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.
Bakının ən hündür zirvəsindən şəhərin mənzərəsini seyr edən qonaqlara paytaxtda
aparılan quruculuq işləri barədə məlumat verilib.
Qonaqlar həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak
olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət
ediblər. Abidənin önünə gül dəstələri qoyulub, türk şəhidlərinin xatirəsinə ehtiram
göstərilib.
Sonra “Fairmont Baku” otelində TÜRK-İŞ Konfederasiyası İdarə Heyətinin Ərgün
Atalayın sədrliyi ilə səyyar iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb,
müvafiq qərarlar qəbul olunub. Həmçinin TÜRK-İŞ-ə üzv təşkilatların rəhbərlərinin ötən dövr ərzində görülən işlərlə bağlı hesabatları dinlənilib, gələcək fəaliyyət planı müzakirə edilib.
Ardınca həmin məkanda AHİK və TÜRK-İŞ-in birgə yığıncağı təşkil olunub.
Öncə Vətənimiz uğrunda şəhid olmuş oğul və qızlarımızın, həmçinin bu il
Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev Azərbaycanla Türkiyə arasında
mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin iki ölkənin həmkarlar
ittifaqları arasında əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi
istiqamətində görülən işlərdən və perspektivlərdən danışıb.
Bildirib ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə bu qədər yaxın
olan ölkə yoxdur və bu əlaqələr tamamilə qardaşlıq prinsiplərinə söykənir. Onun
sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığının ən parlaq səhifəsi 44 günlük
Vətən müharibəsi dövründə yazıldı, cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla
bütün Türkiyə xalqının Azərbaycanı dəstəkləməsi, sözün həqiqi mənasında,
təmənnasız qardaşlıq nümunəsi idi.
AHİK sədri həmçinin Şuşa Bəyannaməsinin əhəmiyyətindən, genişlənməkdə olan
ikitərəfli iqtisadi əlaqələrdən, işğaldan azad edilmiş Azərbaycan ərazilərində
aparılan quruculuq işlərində Türkiyədən olan şirkətlərin fəal iştirakından, eləcə də
münasibətlərimizi daha da möhkəmləndirməyə xidmət edən dövlət başçılarının
qarşılıqlı səfərlərindən danışıb, qardaş ölkədə uğurla baş tutan seçkilərə toxunub.
Qeyd edib ki, Türkiyə keçirilən parlament və prezident seçkiləri bu ölkədə dərin
kök salan demokratiyanı bir daha göstərdi və bəyan etdi ki, Türkiyə vətəndaşları
yüksək siyasi mədəniyyətə sahibdir.

Bundan başqa, AHİK sədri Türkiyədə baş verən dəhşətli zəlzələni xatırladıb və
Azərbaycanın göstərdiyi dəstəyə diqqət çəkib.
Səttar Möhbalıyev çıxışında hər iki ölkənin həmkarlar ittifaqları arasında
münasibətlərin mövcud vəziyyətindən də danışıb. Vurğulayıb ki, dostluğumuzun
davamlılığı və yaranmış qarşılıqlı inam iki ölkənin həmkarlar ittifaqlarının və
işçilərinin xeyrinə olmaqla yanaşı, sıx əlaqələrin qurulmasına xidmət edir. O, təklif
edib ki, əlaqələrimiz təkcə konfederasiyalarımız arasında yox, həm də sahə
həmkarlar ittifaqları arasında, hətta yerli həmkarlar ittifaqı səviyyəsində də təmin
olunsun və inkişaf etdirilsin.
TÜRK-İŞ-in sədri Ərgün Atalay isə çıxışında öncə Azərbaycanla Türkiyə arasında
bütün sahələrdə davam edən uğurlu əməkdaşlıqdan söz açıb, ölkələrimiz arasında
həmrəyliyin əhəmiyyətindən bəhs edib. Bildirib ki, hər iki ölkənin niyyəti bölgədə
sülh və sabitliyi təmin etmək, region ölkələri arasında əlaqələri, xüsusən iqtisadi
əməkdaşlığı dərinləşdirməkdir. O həmçinin Zəngəzur dəhlizinin açılmasının bütün
region dövlətləri üçün faydalı olacağına əminliyini ifadə edib.
Ə.Atalay Kahramanmaraşda baş verən zəlzələdən sonra Azərbaycan dövlətinin
maddi və mənəvi dəstəyini qeyd edib: “Biz ilk olaraq yanımızda Azərbaycanı
gördük, zəlzələ bölgəsinə xilasedicilər, tibbi heyət, yardım vasitələri, çadırlar,
yataq dəstləri göndərdiniz. Bu missiyada Heydər Əliyev Fondunu xüsusi olaraq
fərqləndi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da köməyini
gördük. Evsiz-eşiksiz qalmış insanlar üçün modul tipli evlər göndərdiniz, 500 min
manat maddi dəstək göstərdiniz. Bütün bunlar qardaşlıq hisslərindən irəli gələn
məqamlardır”.
TÜRK-İŞ-in sədri sahə və yerli həmkarlar ittifaqları səviyyəsində əlaqələrin
qurulması və inkişaf etdirilməsi ilə bağlı AHİK sədri Səttar Möhbalıyevin irəli sürdüyü təklifi dəstəklədiyini bildirib və bu istiqamətdə əməli addımların atılmasının vacibliyini vurğulayıb.
Tədbirdə digər çıxışlar da dinlənilib, fikir mübadiləsi aparılıb.


Digər xəbərlər

0.21932816505432