Millətin varlığının, simasının və mənliyinin aynası

18:13 01-08-2023 | icon 719
Millətin varlığının, simasının və mənliyinin aynası

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili
onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun
millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi
yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili
həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas
vasitələrdən də hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur.
Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun
1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Çünki həmin tarix milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır.
Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin
dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl
səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.
Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili mürəkkəb
və ziddiyyətli bir yol qət etmişdir. Günü-gündən qloballaşan dünyamızda Azərbaycan
dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri
məsələlərindən, ən vacib reallıqlarındandır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan
dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları biri-biriylə
doğmalaşdıran atributdur.
Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin gözəl
bilicisi, mahir natiq ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ulu öndər milli-
mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan
Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atıb.
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra
Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoyub. Müstəqil dövlətimizin
1995-ci ildə qəbul edilən ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edilib.
Əlbəttə, dilin əsas yaradıcısı millətin özüdür. Prezident İlham Əliyev milli
xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən
olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Müstəqil dövlətin olmadığı dövrlərdə
azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən
Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan
dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin,
vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi
dəyərləndirilməlidir”. Dəyərli və zəngin sərvətlərimizdən biri olan dilimizin qorunması və
təbliğ edilməsi dil və din mənsubiyyətimizdən asılı olmayaraq hər birimizin mühüm
vətəndaşlıq borcudur.

İdman Quliyev,
Cəlilabad rayon Ləkin kənd
tam orta məktəbin direktoru


Digər xəbərlər

0.23298192024231