Rəsmi İrəvanın növbəti təxribatı səmərəsiz oldu

09:28 22-08-2023 | icon 565
Rəsmi İrəvanın növbəti təxribatı səmərəsiz oldu

Avqustun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Azərbaycanın
Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclası,
erməni lobbisinin bütün gücünü ortaya qoymağa çalışdığı toplantısı keçirilib. Ermənilər
bu müzakirəyə böyük ümidlər bəsləsələr də, bütün ümidləri puç oldu.
BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçirilən iclasını Ermənistanın
“Laçın dəhlizi” ilə bağlı son patronu kimi dəyərləndirmək olar. Lakin Ermənistan son
patronunu da səmərəsiz istifadə etdi. Müzakirələr heç bir qətnamə və ya bəyanatla
yekunlaşmadı. Əksinə, müzakirələrin özü bir çox həqiqətləri ortaya qoydu. Azərbaycan
tərəfindən verilən məlumatlar və izahlar ərazidə real vəziyyətin nədən ibarət olduğunu
və Ermənistanın açıq-aşkar “humanitar böhran” termini ilə manipulyasiya etdiyini aşkara
çıxardı. Müzakirə iştirakçılarına məlum oldu ki, humanitar məqsədlə ayrılan yol
mövcuddur, lakin Ermənistan və Qarabağda yuva salmış separatçı ünsürlər bu yoldan
istifadə etməkdən imtina edirlər. Ölkəmizin BMT yanında daimi nümayəndəsinin çıxışı
bütövlükdə erməni riyakarlığının ifşasından ibarət idi. Ermənilərin öz havadarları ilə
birlikdə planladığı növbəti siyasi təxribat iflasa uğradı. O ki qaldı nəticə çıxarmağa,
ermənilərə münasibətdə bunu proqnozlaşdırmaq çox çətindir. Çünki onlar öz siyasətini
bir qayda olaraq məntiqə və sağlam düşüncəyə əks istiqamətdə qururlar. Kənardan
müşahidə edənlər belə düşünə bilər ki, daha bu dəfə də iflasa uğrayandan sonra
Ermənistan növbəti addımlarını yüz ölçüb bir biçəcək. Amma təəssüf ki, bu baş vermir.
Az sonra ermənilər yeni bir taktika ilə eyni riyakarlığa, ikiüzlülüyə və təxribatlara üz
tuturlar. Ağıllı adam bir dəfə etdiyi səhvi heç vaxt təkrar etməz. Bu misalı xalqlara da aid
etmək olar. Erməniləri bu mənada istisna hal hesab etmək olar. Mövcud durumun
maraqlı tərəfi ondan ibarətdir ki, bütün bu manipulyasiyalardan ən çox əziyyət çəkən
Ermənistanın apardığı riyakar siyasətin girovuna çevrilmiş erməni xalqıdır. Ona görə
erməni cəmiyyəti siyasi elitanın qeyri-adekvat gedişlərinə etiraz etməli, özlərinin
təhlükəsiz gələcəyini təmin etmək üçün hakimiyyətdən sözdə yox, əməldə sülh
gündəliyinin həyata keçirilməsini tələb etməlidir.
Bəzi böyük dövlətlər, yəni dünya siyasətində önəmli rol oynayan və önəmli təsir
gücünə malik olan dövlətlər Ermənistanın təxribatlarına sadəcə göz yummur, onlar
özləri də bu təxribatlarda iştirak edirlər. Məsələn, Ermənistan tərəfindən uydurma
bəhanələr əsasında BMT TŞ-nın iclasının təşkili və orada səsləndirilən birtərəfli,
Azərbaycana qarşı qərəzli açıqlamalar özü onu göstərir ki, Ermənistanın bu cür
addımları həmin dövlətlərin siyasi hakimiyyətləri ilə razılaşdırılmış şəkildə atılır. Lakin
Azərbaycanın apardığı fəal və səmərəli diplomatiya Ermənistan yalanları əsasında
ölkəmizə qarşı hazırlanmış təxribatları həmişə uğurlu şəkildə dəf edə bilir. Bu dəfə də
belə oldu. Məsələn,Təhlükəsizlik Şurasının iclasında Fransa təmsilçisinin Ermənistanın
yalanlarını təsdiqləməsi və müdafiə etməsi faktı daha çox Fransanın özünün beynəlxalq
nüfuzuna xələl gətirdi. Azərbaycan diplomatlarının ortaya qoyduğu təkzibedilməz faktlar
təkcə Ermənistanın yox, eləcə də onu dəstəkləyən dövlətlərin qurduğu humanitar
fəlakət oyununun saxta olduğunu sübut etdi və nəticədə Ermənistanla bərabər onun
saxta ittihamlarını dəstəkləyən dövlətlərin də beynəlxalq birliyi aldatmaq cəhdlərini üzə
çıxardı. Bütün bunlar son nəticədə Azərbaycanın mövqeyini daha da möhkəmləndirir və
onun bölgədə sülh siyasətinə beynəlxalq inamı daha da artırır.
Vəliyeva Südabə Eminağa qızı
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru


Digər xəbərlər

0.24778580665588