Milli dövlətçilik ənənələrinin müəllifi

10:14 11-12-2023 | icon 400
Milli dövlətçilik ənənələrinin müəllifi

Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran dahi şəxsiyyətin ən böyük xidmətlərindən biri də məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın reallaşmasına nail olmasıdır.

        Heydər Əliyevin həyatının mənası Azərbaycan idi, ölkənin inkişafı və tərəqqisi idi. Ümummilli liderimizin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuş, Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsasları və müstəqillik konsepsiyası hazırlanmışdır.

         Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.O, Azərbaycanın yalnız bu gününü düşünmürdü, xalqımızın sabahını, dövlətimizin gələcəyini düşünürdü. Mənalı ömrünü öz xalqına həsr etmiş ulu öndərimizin siyasi irsi dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli liderimizin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bundan sonra da faydalanacaqdır.

        O, xilaskarlıq üçün doğulmuşdu. Bütün ömrünü bu işə sərf etdi. O, birinci dəfə xalqını gerilikdən çıxarıb yüksəltməklə xilas etdi. İkinci dəfə xalqını parçalanıb məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Bütün çətinliklərə, manelərə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ümumilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Fəxr edirik ki, Heydər Əliyevin irsindən güc alan Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilmişdir.

        Ulu öndərimiz xalqı ilə yaşadı, xalqını yaşatdı. Hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaldan Heydər Əliyev daim xalqımızla yaşayacaqdır.

 

Elvin Əmirov,

Cəlilabad RİH-nin şöbə müdiri


Digər xəbərlər

0.24996781349182