Biz vətən üçün yararsız deyilik

19:14 24-01-2024 | icon 494
Biz vətən üçün yararsız deyilik

Ötən həftə tariximizdə və yaddaşımızda qanlı hadisə kimi həkk olunan “20 Yanvar” faciəsinin 34-cü il dönümü idi. Həmin gün havanın soyuqluğuna rəğmən yolumu Azərbaycan Dövlat Akademik Musiqili Teatrından saldım. “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaqdı. Sağolsun nəzarətcilər çoxdandı məni tanıdıqlarından tamaşanı daha yaxşı seyr edə biləcəyim yerdə əyləşdirdilər. Zəfər salnaməmizə həsr olunan səhnə əsərinin müəllifi və quruluşçu-rejissoru Samir Qulamovdu. SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan tamaşanın ideya müəllifi, bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdi. Tamaşanın əsərini quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdu. Rollarda Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, Nəzrin İsmayılzadə, Hüseyn Əlili, İbrahim Əlizadə, Səmədzadə Xasiyev, Ofeliya Məmmədova, Əli Kərimov, Murad Əliyev iştirak edirdilər. Səhnə əsərində həmçinin Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisinə də yer verildi.
Əvvəlcə Ramiz Fətəliyevin ssenarisi, Nizami Abbasın lentə aldığı “Silahdaşlar” sənətli filmi nümayiş olundu. Film “20 Yanvar” hadisələrindən bəhs edirdi. Səmimi etiraf edim ki, tariximizlə bağlı mütaliə edib, sənədli xronikaları izləsəm də, adı çəkilən filmə baxmamışdım. Nəticədə yeni kadrlardan agah oldum. Onu da xüsusi qeyd edim ki, “Silahdaşlar” filminin ərsəyə gətirənlərin hər biri “Qanlı yanvar” hadisələrinin canlı iştirakçıları olmaqla yanaşı, onun işıqlandırıb xalqa çatdırmaq, 34 il əvvəlki tariximizin daim xatırlanması üçün həyatlarını itirmək riski altında olayları çəkiblər. Nə yaxşı da ki, buna nail olublar. Hesab edirəm ki, kinonun ərsəyə gətirənlər həqiqətəndə silahdaşlar kimi döyüşüblər. Sənətkarların əllərində soyuq-odlu silahlar olmasa da, onların qələmləri, mikrofonları, kameraları daim güclü silahdı. Ramiz Fətəliyev və yoldaşları bu güclü silahı əlində tutub xalqa təqdim etməyi bacaranlardandı.
Sənədli film 1 saat davam etdi. Ardınca “Bir nəfəs qədər” tamaşasına keçid alındı. Səhnə əsəri hərbi komissarlığın zabiti (rolu Murad Əliyev canlandırır) ilə türk jurnalisti Fulya Öztürkün (Ofelya Məmmədovanın ifasında) söhbətiylə başladı. Media nümayəndəsinin poqonlu azərbaycanlıya “bu savaşda qadınlarınızda müharibəyə könüllü getmək üçün müraciət edibmi?” sualına baş-leytenant “sonuncu Azərbaycan kişisi ölmədikcə, qadınlarımız döyüşə atılmayacaq” deyə qısa və lokanik cavab verdi. Bu ifadə tamaşaçıların ilk alqışını qopardı. Türkiyəli müxbirə verilən cavab həyat və mübarizə eşqimi artırmaqla yanaşı bir çox içimizdəki nankorlara, çörəyi dizinin üstündə olan və bu milləti kimlərəsə yamaq etməyi adət halına çevrilənlərə gözəl zərbəydi. “Azərbaycanın sonuncu kişisi ölmədən qadınlarımız döyüşə atılmayacaq” kəlməsi Türkiyə yanımızda olmasaydı, İsrail Azərbaycana pualarını satmasaydı, Pakistan dəstəyini verməsəydi biz müharibəni uda bilməzdik deyib hər gün profilini adı çəkilən dövlətlərin bayraqlarıyla bəzəyib öz kimliyini, milli ləqayəqtini, mənsubiyyətin, tarixi qəhramanlarını aşağılayan, dünənini, bu günün yerə vuran məddahlara səhnədən vurulan şapalaq idi. Həmçinin azərbaycanlı zabitin: “Bizə Türkiyədən də könüllülər yazır. Onlar gəlib qan qardaşlarıyla birgə döyüşmək istəyirlər. Buna görə onlara minnətdarlığımızı bildiririk. Amma biz öz oğullarımızla döyüşəcəyik” söyləməsi də yerindəydi.
Azərbaycan xalqının öz gücünə torpaqlarını qanı-canı bahasına azad etməsini könüllü olaraq müharibəyə gedən gənc Vətənin (bu rolu aktyor Əmrah Dadaşov canlandırır) sevdiyi Qumruya (aktrisa Nəzrin İsmayılzadə) sonuncu görüşündə dediyi “Şuşaya gedirəm Qumru. Bu bilirsən nədi? Ana-atamın boya-başa çatdığı, uşaqlığımı keçirdiyim, ermənilərin, dığaların təhqir etdiyi yurduma gedirəm”ifadəsindən də görmək olar.
Tamaşada səhətlərinə görə hərbi xidmət belə çəkməmiş 4 gəncin israrla hərbi komissarlıqdan müharibəyə getmək üçün necə çırpındıqlarını görmək olardı. Onlar arasında ürəyi xəstə, böyrəyində problemləri olan, asmadan əziyyət çəkəni də vardı. Döyüşə atılmaq eşqində olanların hərbi xidmətə və müharibəyə yararsız olduqlarını vurğulayanda onlar bir ağızdan “yarsız hansısa əşya, köhnə yemək olur. Biz vətən üçün yararsız deyilik” deyə hayqırırdılar. Hesab edirəm ki, bu səhnə əsərinin ən kəskin ifadə və küliminasiya nöqtəsidi. O qədər gözəl səsləndirildi ki, insanın iliyinə kimi təsir etdi. Həmçinin könüllülərdən birinin üzünü komissara tutaraq: “Bax, yaxşı-yaxşı bax. Əynimdəki babamın pencəyidi. Onu I Qarabağ savaşında Şuşada qətl ediblər. İndi mən babamın pencəyi ilə düşmən üzərinə yollanıram. Bunu niyə anlamaq istəmirsiz?!” deməsi də çox təsirliydi.
Rejissor tamaşanın qəhramanlarını şərti, amma gözəl adlar verib: Vətən, Fədai, Əli. Məhz bu 3 gənc müharibəyə yararsız olduqları halda Vətən “Ana Vətən” deyib irəli atıldı, Fədayi özünü torpaq uğrunda fəda etdi, Əli düşmənlərə qarşı İslam dininin dayaqlarından olan İmam Əli kimi rəşadət göstərməklə döyüşüb can verdi. Bu 3 dost, 3 fidan, 3 can, 3 igid özlərini II Qarabağ müharibəsində qurban verib şəhidlik zirvəsinə ucaldılar. Onu da xüsusi vurğulayım ki, rejissorun səhnə əsərində yer verdiyi Əli obrazı 44 günlük müharibə iştirakçısı və Ağdərə döyüşlərində həlak olan Əliağa Məmmədova həsr olunub. Şəhidimiz müharibədən öncə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıqçı vəzifəsindən çalışıb.
Tamaşada oğlu Vətəni Azərbaycan naminə qurban verən Laçın müəllimənin (aktrisa Gülnarə Abdullayeva) çəkdiyi istirabı, balasının ölümünə hələ də inanmamasını və onun qayıdacağını gözləməsi çox təbii canladırılmışdı. Qadının “balam əlsiz-ayaqsız qayıtsın onun qulu olaram deməsi soyuqanlı olan mənim də ürəyimi dağlatdı. Laçın xanımın obrazında rejissor ölkəmizdəki şəhid analarının çəkdiyi əzabları insanlara göstərməyə çalışıb.
Həqiqətəndə əsl Azərbaycan qadını bütün fədakarlıqları edə, məhrumiyyətlərə sinə gərərək gözünün ağı-qarası bircə balasını da Vətən yolunda fəda edəcək qədər güclüdü. Amma buna rəğmən bizim məmləkətin qadını verdiyi şəhidə görə hər zaman batində fəryad edər. Vaqif Səmədoğlunun təbirincə desək təkliyə çəkilib xısın-xısın ağlayar. İtirdiyi oğlunun əşyalarını, paltarlarını bağrına basıb göz yaşı axıdar. Tamaşanı ərsəyə gətirən rejissor Samir Qulamov Laçın müəllimənin oğlunun köynəyinin necə həsrətlə bağrına basıb qoxlamasını, lay-lay deməsini sözlə ifadə etmək mümkün deyil, sözün bitdiyi yerdi. Bunu ancaq yaşayanlar bilər, izləyənlər isə gözyaşını saxlaya bilməz. Samir müəllimi səhnə əsərlərində bu cür nüanslar dramatikləşdirməyi yaxşı bacarır. Bu fərasət, yaradıcılıq hər rejissora xas deyil.
Nə qədər böyük dərd çəkməyinə rəğmən Azərbaycan qadını, anası heç vaxt faşist, şovinist, mizantrop deyil. Bizim Tomiris qeyrətli qadınlarımız at belində savaş meydanına atılsa da, onların hər birinin qəlbində ana şəfqəti, ruhunda sülhsevərlik var. Laçın müəllimə “öz canım da Vətənə qurban olsun” deyəndə yalnız böyük vətəninə yox, canının ən şirin parçası balası Vətəni də nəzərdə tutur.
Vətənin şəhid olmasından sonra Qumru hər gün Laçın müəlliməyə baş çəkir. Ona əlindən gələn bütün yardımı göstərir. Əslində bütün qonum-qonşu ərini itirərək təkbaşına övlad böyüdən və onu da vətən uğrunda qurban verən Laçın anaya təmənnasız yardımlar edir. Kimisi yeməyini bişirir, kimisi evini yığışdırır, kimisi paltarlarını yuyur. Amma şəhid anası o qədər qürurludu ki, heç kimin köməyini qəbul etmir. Qonşular onu qulluğunda durmaq üçün az qala pəncədən zorla evə daxil olurlar. Tamaşanın ən təsirli səhnələrindən biri də Laçın ana ilə Qumrunun dialoqudu. Oğlunu itirmiş qadın gənc banuya deyir: Qızım bizə gəlib getməyinə heç nə demirəm. Amma sabah ailə həyatı qurandan sonra qapımıza gəlmə. Qoy, sənin gələcək ailəndə söz-söhbət olmasın”. Müəllimənin bu ifadəsindən sonra Qumru göz yaşları içərisində yüksək səslə bir neçə dəfə deyir: “Mən onu həmişə gözləyəcəm. Həmişə, həmişə...” Bununla rejissor Azərbaycanın Fərizə ruhlu qızlarımızın hələ də olmasını göstərməklə xəyanəti su içmək, ər dəyişməyi isə tum çıtlamaq halına gətirən qadıncıqlara yaxşı nümunə göstərir.
Samir Qulamovun rejissorluğunun əsas özəlliyindən biri mistikaya yer verməsidi. Bunu onun “Leyli və Məcnun” tamaşasında gördüyümüz kimi bu əsərində də şahidi oluruq. Belə ki, sənətkar Vətəni anası və Qumruyla görüşdürür. Bir-birini sevib də birgə yaşamaq nəsib olmayan gənclər görüşəndə Qumru dilə gələrək: “Yuxularıma tez-tez gəl. Mən səni daima gözləyəcəm” deyir. Vətən isə cavabında: “Məni unutma! Biz unudulanda ölürük” vurğulayır.
Vətənin 2 şəhid dostuyla evlərinə gəlməsi daha təsirlidi. Vətən, Fədai, Əli əsgər formasında Laçın ananın mənzilinə daxil olanda, ana balasını görcək sevincinin həddi-hüdudu olmur. O, əvvəlcə oğlunu öpüb bağrına basır, sonra isə Fədai ilə Laçını qucaqlayır. Qadın mətbəxdə yemək tədarükü edincə, 3 dost, qəhraman necə və hansı şəraitlərdə şəhid olmalarını dilə gətirirlər. Elə ki, Laçın ana mətbəxdən qayıdıb süfrə açır bu söhbətlər bitir. Sonra ev sahibəsi oğulu ilə dostları üçün yataq salır və onları dincəlməyə yollayır. Laçın müəllimə elə bilir ki, gecə arxada qalıb və səhərin açılmasını gözləyir. Bir qədər sonra qonşular Gövhər (“Əməkdar artist” Nahidə Orucova canlandırır) ilə Zərifə (Gülcahan Salamova) gəlirlər. Onları görən Laçın müəllimə bəxtəvərcəsinə oğlunun və dostlarının sağ-salamat qayıtdıqlarını vurğulayır. Qonşular mat-məttəl qalsalar da, əvvəlcə heç nə demirlər. Ana sevincini davam etdirərək artıq səhərin açıldığını və yaxşı süfrə açmaq gərəkdiyini qeyd edəndə qonşu arvadlar dilə gələrək: Ay, Laçın müəllimə, səhər nədi? Bir həyətə bax, günortadı” bildirirlər. Bunu eşidən şəhid anası pəncərədən boylandıqdan sonra “məni dəli etməyin, günorta nədi, səhər açılıb” deyir. Qonşu zənənlər bu dəfə çəkinə-çəkinə “biz cəmi 40-45 dəqiqə səni tək qoyub evimizə baş çəkib, qayıtdıq”. Bu ifadədən sonra Laçın ana bir qədər də emosialara qapılaraq uca səslə “sizin məqsədiniz məni dəli etməkdi?” deyib özünü oğlunun və dostlarının yatdığını zənn etdiyi tərəfə qaçıb yorğan qaldırır və orda heç kimi görmür. Bundan sonra ana fəryad qopararaq “o mənə bir nəfəs qədər yaxın idi” deyə, car çəkdi. Bu səhnəni ifadə edə bilməyəcəm. Hesab edirəm ki, bu anı yanımda və arxamda əyləşən tamaşaçı qadınların ağalamaqları, yazacaqlarımı tamamilə əvəz edəcək gücdədi.
Ağlayıb bir qədər ürəyini boşaldıqdan sonra Laçın ananın son ifadəsi bu olur:
“Haqqımız sizlərə halal olsun balalarım. Siz bu dünyanın cənnəti uğrunda döyüşüb o biri dünyadakı cənnəti qazandız”.
Tamaşaçılar finalı göz yaşları ilə alqışladılar.
Səhnə əsərinin quruluşçu-rejissoru Samir Qulamovu “Leyli və Məcnun” əsərinə görə tanımış və ərsəyə gətirdiyi tamaşa haqqında ondan müsahibə də almışam. Söhbət zamanı sənətkarın savadına, təvazökarlığına, klassik ədəbiyyatımıza və ədiblərimizə verdiyi dəyərə görə heyran olmuş və simpatiya bəsləmişdimsə, “Bir nəfəs qədər”i izlədikdən sonra Samir müəllimə ehtiram, hörmətim daha da artdı. Hesab edirəm ki, bu səhnə əsərində Samir Qulamov bütün rejissorluq bacarığını ortaya qoyub. Tamaşada həm Vətən sevgisi, həm 2 gəncin eşqi və faciəsi fonunda yüzlərlə bir-birinə qovuşa bilməyənlərin həyatlarının alt-üst olması, fədakarlıq, qəhramanlıq, igidlik nümənələri, realizm və mistikanın sintezinə geniş yer verilib. Ən əsası bir qadının, ananın timsalında xalqın nə qədər güclü, fədakar, qayğıkeşliyi göstərməklə bərabər onun necə təklikdə fəryad qoparmasını, gözlərinin yol çəkməsini göstərir. Laçın ana itirdiyi oğlu Vətəni səsləyib, axtarırsa, Azərbaycan bir vaxtlar böyük coğrafiyada sahib olmasını və parça-parça edilərək ayrı düşdüyü və 300 ilə yaxındı qanlar axıb qaysaqlanmadığı hissələrinə müxtəlif dövlətlərin sərhədlərindən baxmasını xatırladır. Çoxları “Bir nəfəs qədər”ə baxıb bunu ancaq vətənpərvərlik, qəhramanlıq kimi qiymətləndirsə də, əslində burda ümumbəşəri dəyərlərdən və yarımçıq qalan ümidlərdən söhbət açılır. Səhnə əsəri milli çalarlarla zəngin mistik-dramdı desək daha dəqiq olar.
Samir müəllimin səhnə əsərinə söz ola bilməz. Amma sənətkarımızın yehanə çatışmazlığı və ya bəxtsizliyi də dilə gətirmək istəyirəm. Bu rejissorun özünün milyoner olmaması və ya zəngin qohumlarının, dostlarının yoxluğudu. Çünki onun səhnə əsərləri yalnız Azərbaycan Dövlət Akademik Musiqili Teatrında və ölkəmizin digər teatrlarında nümayiş olunmaqla kifayətlənməyib bütün ölkələrdə qastrol səfərlərində yer almalıdı.
SSRİ-də Valentin Yejovun ssenarisi əsasında Qriqoriy Çüxray 1959-cu ildə “Əsgər haqqında ballada” (“Ballada o soldate”) filmini lentə aldı. Ekran əsəri nəin ki, ittifaqda, hətta dünyada da milyonlarla seyirci toplamaqla 100-dən çox xarici mükafata layiq görüldü. Bizim isə 1991-ci ildən bu yana ortaya qoya biləcəyimiz ən təsirli müharibə filmi “Fəryad”dı ki, onu da “Hollivud”, “Kan” və digər beynəlxalq festivallara çıxarda bilmədik. Artıq beynəlxalq müsabiqələrdə qalib olmaq üçün qeyd etdiyim mövzuda kinolar çəkməyin zamanı çatıb. Samir müəllimə o qədər maddi imkan arzulayıram ki, “Bir nəfəs qədər” tamaşasını populyarlaşdırmaqla yanaşı səhnə əsəri əsasında onun filmini çəksin. Özü də nə vaxtsa ərsəyə gətirəcəyi ekran əsərində tək azərbaycanlı yox, həm də dünyaca məşhur aktyorlara yer verməklə “Bir nəfəs qədər” filmini beynəlxalq tədbirlərdə nümayiş etdirməklə “Hollivud”u fəth etməsə möhtəşəm olardı. İnanıram ki, sənətkarımız Mel Gibson, Emir Kusturica, İv Simono, Aleks Proyas və digər adlarını çəkmədiyim məşhur rejissorlar kimi dram, mistik-dram janrında film ərsəyə gətirməklə adını unudulmazlar kino sənətkarları sırasına əlavə edəcək.
Samir əfəndiyə öncəliklə möhkəm can sağlığı, gələcək yaradıcılığında kreativlik və bolluca maliyyə imkanları arzu edirəm.

 

Biz vətət üçün yararsız deyilik


ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.2392270565033