Onun həbsxana yaradıcılığı: Mən qərib kinorejissoram - Yılmaz Güney 

18:30 06-02-2024 | icon 717
Onun həbsxana yaradıcılığı: Mən qərib kinorejissoram - Yılmaz Güney 

O, yalnız türk kinomotoqfiyasının əfsanəsi, görkəmli aktyor, ssenarist, kinorejissor olmaqla kifayətləməyib həm də yazıçı, maarifçi, sözü və qələmi mücahid biriydi. Amma ifrat türkçülər, ülkücülər, kamalistlər, turançılar dahi sənətkarı kürd milliyətçisi, araqarışdıran, terrorçu, zorakı və Türkiyəni sevməyən biri kimi sırımağa çalışır. Təəssüf ki, ölkəmizdə də saxta təbliğatdan dolayı Yılmaz Güneyə qara fondan və dar çərçivədən baxan və pisləyən nadanlar az deyil. Əslində isə adı çəkilən incəsənət nümayəndəsi daim irqi, milli, dini ayrıseçkiliyə, bürokratik harınlığa, tayfabazlığa, yerlibazlığa, şəxsiyyətə pərəstişə, fəhlələrin istismarına, kəndlilərin ağır həyat şəraitinə, qız uşaqlarını erkən yaşında ərə verilməsinə, uşaqların istismarına və Türkiyədə baş alıb gedən digər bu kimi qanunsuzluqlara qarşı səsini ucaldıb. O, həmçinin ölkədə baş verən tələbə hərəkatlarına və solçu düşüncəli insanların mübarizəsinə yaxından dəstəyiylə də diqqət çəkib. Sadaladıqlarımı onun filmlərində də görmək olar.

Uzunçuluq etməyib. Yılmaz Güneyin məhbus həyatındakı fəaliyyəti haqqında qısaca danışmaq istəyirəm. 47 illik ömrünün 12 ilini Türkiyənin 15 müxtəlif həbsxanalarında, həyatının son 3 ilini isə mühacirətdə keçirən sənətkar dəmir barmaqlıqlar arasında da yaradıcılıqla məşğul olub. Özünün dediyi "kimi oxumalı olduğum kitabları, yazmalı olduğum ssenariləri həbsxanada mütəliə edib qələmə aldım. Sənətkarın məhbəs həyatı zamanı ssenari müəllifi olduğu və lentə aldığı filmlər arasında "Yol" və "Divar" kimi səhnə əsərləri də var. Tarık Akanın baş rol aldığı "Yol" filmi 1982-ci ildə Fransanın "Kan" festivalında "Qızıl palma budağı"na layiq görülüb. Bu beynəlxalq festivallarda mükafat alan ilk türk filmi olur. "Divar" filmində Türkiyədə uşaqların və yeniyetmələrin saxlandığı həbsxanalardakı özbaşınalıqlardan söhbət açır. O, həmçinin "Hücrəm", "Sanık" (Şahid) və "Salpa" (Çəftə, Mandal) romanlarını da azadlıqdan məhrum ikən yazıb.

Yılmaz Güney həbsxanada yalnız yaradıcılıqla deyil, həm də altruizmlə də məşğul olub. Sosialist ruhlu rejissor dəmir barmaqlıqlar arxasında məhbuslara oxuma-yazma öyrədir, onları idmana və digər bu kimi faydalı məşğuliyyətlərə cəlb edirdi. Yılmaz Güney həmçinin həbs həyatı yaşayanlara mübariz, döyüşkənlik ruhlarını itirməmələrini aşılayar və onların maddi-mənəvi himayədarı kimi də səxavətlilik edərdi.

Onun hansı həbsxanda olmasından asılı olmayaraq dəmir barmaqlıqlar arasındakılara bu qanunları təbliğ edib və icra etdirərdi:

- Boş-boş işlərlə məşğul olmayacaq, təsbeh çevirməklə vaxt öldürülməyəcək;

- Oxuma-yazması olmayanlar tədris alacaq. Bu işdə savadlı məhbuslar köməkliyini əsirgəməyəcək;

- Hər bir məhbus bədii ədəbiyyat oxuyacaq;

- İngilis, alman dillərini öyrənəcəksiz;

- Sazda ifa etməyi, şahmat oynamağı öyrənəcəksiz;

- Gündəlik tutacaq və yaşadıqlarınızı orda qeyd edəcəksiz;

- İdmanla məşğul olacaqsız;

- Hər bir məhbus başqa məhbusa arxa-dayaq olacaq, dost-qardaşlıq edəcək.

Yılmaz Güneylə birgə həbs yatmış məhbəs dostu Xəlil Candarma "Kırmızı hat" (Qırmızı xətt) verlişində deyəcəkdi:

"Yılmaz Güneyin məhbuslar üçün ibtidai müəllim kimiydi. Yılmaz abinin (qardaşın) dialoqu tamamilə başqa, fərqliydi. O, insanlara qarşı mərhəmətliydi".

Türk kino tarixində "Çirkin Kral" adıyla tanınan böyük sənətlar haqqında çox danışmaq, yazmaq olar. Amma qalsın gələcəyə. Sadəcə oxuculara, həyatdan küskün insanlara nəfəs aldıqları müddətcə təslim olmamağı, sona qədər mübarizə aparmağa səsləyərək onlara Yılmaz Güney həyatından bir epizod təqdim etməyə çalışdım.

Fikirimi kino ustadının aforizmiylə bitirirəm:

"Dünyanın harasında ac uşaq varsa, mənim qardaşımdı".


ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.23494505882263