Türk dünyası bizim ailəmizdir 

15:59 16-02-2024 | icon 603
Türk dünyası bizim ailəmizdir 

         Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı 20 illik bir dövrün hesabatı və bundan sonrakı yeddi ildə görüləcək işlərlə bağlı əsas istiqamətləri özündə əks etdirir. Bu istiqamətlərdən biri türk dövlətləri ilə əlaqələrin daha da möhkəmləndirilməsidir.

      Prezident bildirdi ki, biz bundan sonra Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. İndi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur.

        Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu xətləri açıq-aydın görürük.

       Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik. Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur.

        Dövlətimizin başçısı qeyd edib ki, ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili tamamilə Yer üzündən silmək üçün öz dəstəyimizi göstərdiyimizi və göstərəcəyimizi bildirən dövlətimizin başçısı vurğulayıb: “Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar əminəm ki, peşman olacaqlar”.

      Gözəl ideyalardır. Xalqımız üçün xeyirli və uğurlu olsun!

 

İsa Allahverdiyev,

 71 saylı Cəlilabad şəhər seçki dairəsinin sədri


Digər xəbərlər

0.26275396347046