Qətərdə Azərbaycan musiqiləri səsləndi - Fotolar

00:54 25-02-2024 | icon 770
Qətərdə Azərbaycan musiqiləri səsləndi - Fotolar

Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində "U-Events" mədəniyyət mərkəzində qala-konsert keçirilib.

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani və iki ölkənin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. 

Konsert proqramında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış ediblər.

Dirijor Mustafa Aşurovun rəhbərliyi ilə ansambllar gecənin solistləri ilə birlikdə Azərbaycan və ərəb bəstəkarlarının əsərlərini səsləndiriblər. 

 
 

Qala-konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi” ilə başlayıb. Tədbirin davamında isə Tofiq Quliyev, Emin Sabitoğlu, Arif Məlikov, Fikrət Əmirov, Rauf Hacıyev, Dadaş Dadaşov, Ələkbər Tağıyev, Həsən Rzayev, həmçinin Əhəb Abd əl-Vahed, Fərid əl-Əfraş və başqalarının əsərləri təqdim olunub.

Solistlər Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər Nərgiz Kərimova, Babək Niftəliyev, Emil Əfrasiyab (piano) və Çinarə Mütəllibova (kanon), həmçinin Məqsəd Əzizov (balaban), İbrahim Babayev (tar), Əli Quliyev (saz), İlkin Dövlətov, Fatimə Cəfərzadə, İdris Hüseynov (ud), Elnur Mikayılov (kamança) və Aytən Məhərrəmova olub.

Milli musiqilərdən ibarət proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Qeyd edək ki, Qətərdə Azərbaycan Mədəniyyəti Günləri fevralın 24-nə qədər davam edəcək.

 

 

 











Digər xəbərlər

0.239098072052