Rejissor kreativliyi və ballet artistinin məharəti - VIDEO

22:16 26-02-2024 | icon 927
Rejissor kreativliyi və ballet artistinin məharəti - VIDEO

Dünən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Leyli və Məcnun" tamaşasının 6-cı dəfə nümayişi oldu. Ötən il səhnə əsərinə baxsam da, tam zövq ala bilməmişdim. Təbii ki, burda quruluşçu -rejissor Samir Qulamov, aktyorlar, rəqqaslar, musiqiçiləri nə günahlandırmaq, nə də onların peşəkarlığına iynənin ucu qədər də olsun şübhə etmirəm. Məsələ burasındadı ki, ilk dəfə tamaşanı izləməkdən çox dəftərçəmdə qeydlər aparmaqla məşğul idim. Belə desək mümkündüsə, daha çox tənqidçi, jurnalist kimi zalda əyləşmişdim. Təbii ki, bir müxbir kimi Samir müəllimin pyesindən çox razı qalıb, özüm üçün yeniliklər öyrəndim. Amma tamaşaçı kimi səhnə əsərinə baxıb zövq ala bilməmişdim ki, dünən bu istəyimi də həyata keçirdim. "Leyli və Məcnun"da ötən səfər nəzərimdən qaçan bir çox yenilikləri, orijinallıqları, aktyorların və ballet artistlərinin məharətlərini daha aydın gördüm. Əgər ölməz şairimiz Məhəmməd Füzuli türk dilində qələmə aldığı bu əsəriylə dünyaya səs salıbsa, rejissor Samir Qulamov tariximizə, ədəbiyyatımıza, gerçək eşqlərə dəyər verib mənəviyyatımızı ölməyə qoymursa, ballet-aktrisası İranə Kərimova valehedici və təsirli rəqsləriylə pyesi daha da zənginləşdirdi. Adı çəkilən madmazel səhnə əsərindəki baş qəhramanların eşqlərini, çəkdikləri istirabları, deyə bilmədiyi bir çox hislərini rəqsiylə ifadə etməklə tamaşaçılara çatdırırdı. Deyərdim ki, İranə Kərimova sərgilədiyi rəqsləriylə həm aşiqlərin ruhunu ifadə edir, həm də dövrandakı ədalətsizliyə qarşı sülh göyərçini tək çırpınırdı. Xülasə, səhnə əsrindən, rejissor Samir Qulamovdan, aktyorlardan, balet artistlərindən və əməyi keçən hamıdan bir tamaşaçı kimi də razı qaldım. Son aylar başıma gələn xoşagəlməz hallar, yazılarıma və ictimai, siyasi mövqelərimə görə məruz qaldığım diskriminasiyalardan sonra "Leyli və Məcnun"a baxmaqla yalnız zövq almadım, həm də stress atdım.

 

Tamaşa bitəndən sonra quruluşçu-rejissor Samir Qulamovla qısa söhbətimiz baş tutdu.

-Samir müəllim, bu gün teatrınızda "Leyli və Məcnun" 6-cı dəfə nümayiş olundu. Səhnə əsərinizə tamaşaçılar marağı artıbmı?

-Bu vaxta qədər 4 teatrlarda müxtəlif tamaşalar müəllifi olsam da, "Leyli və Məcnun" mənim üçün xüsusi əhəmiyyətli səhnə əsərlərimdəndi. Burda həm təhsilin olmaması, həm qadın-kişi hüquqlarında bərabərsizlik, həm platonik sevgi, gerçək eşq və digər taleyüklü məsələlərə yer vermişəm. Başlıca məqsədim odur ki, sevgini, eşqi təmassız, platonik, səviyyədə, pak və müqəddəs kimi göstərməkdi. Təbii ki, sevgidə ehtiras, şəhvətin olması normal haldı. Amma heç vaxt 2 insan arasınsakı ali hisləri şəhvət asıllığına və seks səviyyəsinə endirməyin tərəfdarı olmamışam. Hələki teatsevərlər tamaşamdan razı qalıb.

-Çox sevdiyiniz səhnə əsəriniz daim teatrın repertuarında olacaqmı?

-Hələki tamaşam 6 dəfə nümayiş olunub. Məni sevindirən odur ki, "Leyli və Məcnun" hər dəfə nümayiş olunanda ona böyük maraq olub. Diqqət etmişəm, bu səhnə əsərimə baxmaq istəyənlərin əksəriyyəti 25-40 yaş arası insanlardı. Yəni, gənc nəsildi. Texnologiya və süni intellek əsrindəyik, insanlar telefonları vasitəsiylə demək olar hər şeyi izləyə, tanış ola bilir. Belə bir dövrdə soydaşlarımızın sevə-sevə mənim tamaşama baxmağa gəlirsə, bu mənim üçün böyük sevinc, uğur və qürurdu. Hesab edirəm ki, "Leyli və Məcnun" tearımızın repertuarında sabit qalacaq.

-Olmazmı ki, səhnə əsərinizin ayda 2-3 dəfə nümayişi olsun?

-Mən bunu tərəfdarı deyiləm. O zaman tamaşa adiləşə bilər. Təvazökarlıqdan uzaq kimi çıxmasın, mənim "Paris Notr-Dama ithaf" tamaşam 5 ildi teatrımızın repertuarındadı və ayda 1 dəfə nümayiş olunur. Seyircilərimiz arasınsa bu pyesimə baxmaq istəyənlər növbəyə durur. Hətta, bir dəfə Mədəniyyət nazirliyinə şikayət olunmuşdu ki, bu tamaşaya bilet tapa bilmirik. Bu məni çox sevindirmişdi. Odur ki, səhnə əsərinə getmək, baxmaq həmişə intriqa şəklində olsa, hərtərəfli inkişaf olar. İnsanlar daim teatra, tamaşalara can atmalıdı.

-Mənə son müsahibənizdə bildirmişdiz ki, yeni pyes - "Anna Karenina öldü"nü yazırsız. Hazırda teatrsevərlər və sizin fanatlarınız bu tamaşanın nə vaxt ərsəyə gələcəyini bilmək istəyir?

-"Anna Karenina öldü" olduqca çətin əsərdi, ona görə də onu tamaşaçılarımıza elə təqdim etməliyəm ki, həm səhnə əsərim ölkəmizin mədəniyyat camiyasında iz qoysun, həm də teatrsevərlərin rəğbətini qazanıb, alqışlar qoparsın. Hazırda pyesimin son tamamlama işləri gedir. Bu əsərimə son dərəcə ciddi yanaşıram. Belə ki, "Anna Karenina öldü" tamaşam ilkləri və kreativliyi ilə seçiləcək. Səhnə əsərimdə bu vaxta kimi Azərbaycan teatrı tarixində olmayan səhnə quruluşu, dekorasiyalar, rəssam işi və digər yenilikləri görəcəksiz. İnşaallah aprel-may aylarında pyesimin premyerası gerçəkləşəcək.

 Rejissor kreativliyi və ballet artistinin məharəti - VIDEO

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.46588397026062