Akademik Zərifə xanım Əliyevanın zəngin irsi

16:57 15-04-2024 | icon 200
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi
 Akademik Zərifə Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Zərifə xanımın zəngin elmi irsi dünya oftalmologiyası mühüm töhfələr verib.
       1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir. Alim öz tədqiqatlarında oftalmologiyanın bir sıra aktual məsələlərinə xüsusi diqqət yetirirdi: diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva
oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü;
        Zərifə xanım Əliyevanın “Yüksək etimad” adlı kitabı. Alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir;
         Milli kadr hazırlığı prosesində fəal iştirak. Zərifə Əliyeva səhiyyədə kadr
hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır;
        Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər
Akademiyasının akademiki seçilmişdir. O, həm də
“Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə Əliyeva birsıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır. Görkəmli oftalmoloqun tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində ətraflı əks olunub.
Hikmət Qələmov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Zopun kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Digər xəbərlər

0.21876788139343