Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”

23:52 24-04-2024 | icon 1052
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”

“Hazırda dünya ictimaiyyətini ciddi narahat edən məqamlardan biri də iqlim
dəyişikliyidir ki, bu qlobal fəlakətin də acı və dağıdıcı fəsadları artıq özünü
göstərməkdədir. Mineral yanacaqlardan geniş istifadə, istixana qazlarının həcminin
artması və nəticədə temperaturun yüksəlməsi gözlənilməz və ekstremal hava
hadisələrinə, ağır təbii fəlakətlərə səbəb olur. Artıq, bəlkə də, hər gün müşahidə
edirik ki, dünyanın müxtəlif yerlərində daşqınlar, sel, meşə yanğınları baş verir,
quraqlıqlar isə tüğyan edir. Odur ki, iqlim dəyişikliyi ilə mübarizə dünya
dövlətlərinin qarşısında duran başlıca vəzifə olmalıdır. Məlumdur ki, Azərbaycan
dünya ilə həmrəylik nümayiş etdirərək bu istiqamətdə fəal iş aparan dövlətlər
sırasındadır. Məsələn, dövlətimizin müəyyən etdiyi beş milli prioritetdən biri də
təmiz ətraf mühit və yaşıl artımla bağlıdır və bu istiqamətdə aparılan işlər də göz
önündədir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasını Azərbaycanın təşkil etməsi, habelə 2024-cü ilin
ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu siyasətin
bilavasitə davamıdır. Aprelin 23-də Bakıda - ADA Universitetində “COP29 və
Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirildi və
dövlətimizin rəhbəri cənab İlham Əliyev iştirakçıların suallarını cavablandırdı.
Artıq Prezidentimizin qlobal problemlər, regionda real vəziyyət, sülh və
təhlükəsizlik, eləcə də digər vacib məqamlarla bağlı dəqiq məlumat və şərhlərinə,
dəyərli fikirlərinə beynəlxalq mətbuatda geniş yer ayrılıb. Cənab İlham Əliyev
səlis nitqi, məntiqli və aydın çıxışı ilə aktual məqamlara toxundu və iştirakçıların
suallarını cavablandırdı”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev səsləndirib.
“Sözsüz ki, belə beynəlxalq tədbirlərin ölkəmizdə təşkili olunması ölkəmizin
potensialının, iqtisadi-siyasi qüdrətinin, haqlı və ədalətli mövqeyinin təbliği
baxımdan olduqca vacibdir. Bildiyimiz kimi COP29 konfransına ev sahibliyi
ölkəmiz üçün bu ilin ən mühüm hadisəsidir. Forumda bunun önəminə toxunan
Prezidentimiz vurğuladı ki, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük
hörmət və dəstəyinin təzahürüdür. Ölkəmizdə beynəlxalq təşkilatların onlarla
müxtəlif mövzularda tədbirləri təşkil olunub, forumlar, konfranslar, habelə idman
yarışları keçirilib və Azərbaycan bu sahədə zəngin təcrübə əldə edib. Bütün
göstəricilər, o cümlədən sabitlik, təhlükəsizlik, peşəkar təşkilatçılıq və s. baxımdan
Azərbaycan bu aspektdə unikal ölkə hesab olunur. Odur ki, COP29-un yüksək
səviyyədə təşkil olunacağı, gözləntiləri doğruldacağı heç kimdə şübhə doğurmur.
Eyni zamanda Azərbaycan bu tədbirə təkcə ev sahibi yox, həm də tərəf kimi
qatılacaq, mövqeyini sərgiləyəcək, təkliflərini verəcək”, - Milli Məclisin deputatı
deyib.
“Azərbaycan Prezidenti çıxışında ölkəmizin iqtisadi imkanlarına toxundu.
Məlumdur ki, dövlətimizin bugünkü inkişafı davamlı və dayanıqlı iqtisadi tərəqqi
olmadan mümkün deyil. Məhz qazandığımız bütün nailiyyətlərin təməlində güclü
və ən əsası tam iqtisadi müstəqillik dayanır. Son 20 ilin uğurlu statistik
göstəriciləri, habelə bu gün Qarabağ və Şərqi Zəngəzurda heç kimdən yardım
almadan aparılan tikinti-quruculuq işləri dediklərimizin sübutudur. Statistikaya
qısa nəzər salaq: əgər 2003-cü ildə ümumi daxili məhsulumuz 7 milyard dollar
idisə, ötən ilin yekunlarına əsasən bu 72 milyard ABŞ dollardır. Eləcə də 2003-cü
ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar təşkil edirdisə, hazırda bu, 68,5
milyard dollara yüksəlib. Baxmayaraq ki, biz dünyanı iflic edən, ağır iqtisadi böhranlara yol açan pandemiya dövründə yaşamışıq, böyük bir müharibədən keçmişik. Amma yenə də iqtisadiyyatımız durmadan irəli gedib. Bu gün də heç
kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz iqtisadi qüdrətini
durmadan artırır”, - AHİK sədri qeyd edib.
“Ölkə başçısının nitqində diqqət çəkən digər bir vacib məsələ Fransa,
Hindistan və Yunanıstanın Ermənistanı bizə qarşı silahlandırmasına münasibət
oldu. Aydın görürük ki, adıçəkilən dövlətlər açıq şəkildə bu əməlləri ilə aranı
qatmağa, sülh prosesini əngəlləməyə çalışır, qarşıdurmaya yol açırlar. Təbii ki, belə
həssas dönəmdə sülhü təşviq etmək əvəzinə, bu cür çirkin oyunlara əl atmaq
məsuliyyətsiz və anormal addımdır. Həmin dövlətlər, eyni zamanda onlarla həmrəy
olan ölkələr qəti olaraq anlamalıdırlar ki, bu və digər bu kimi xoşagəlməz
addımları, yersiz bəyanatları və qarayaxma kampaniyaları ilə real vəziyyəti dəyişə
bilməyəcəklər. Bunu 30 ilin təcrübəsi bir daha göstərir. Dəridən-qabıqdan çıxdılar,
əllərindən gələni etdilər, bütün rollara girdilər ki, işğalı rəsmiləşdirsinlər. Amma
Prezident İlham Əliyevin çəkdiyi diplomatik sipəri aşa bilmədilər. Ardınca bir
həmlə ilə Ordumuz Ali Baş Komandanının rəhbərliyi altında həmin dövlətlərin
dəstək verdiyi işğalçı ordunun dizini yerə qoydu. Bu təcrübədən dərs çıxarmaq
əvəzinə, utanmadan özlərini “səxavətli” göstərərək yenə də Ermənistana silah
ötürürlər. Prezidentimizin buna cavabı isə birmənalıdır: “Əgər özümüzə ciddi
təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”. Vəssəlam. Gedin oyun
oynamaq üçün özünüzə başqa meydançalar axtarın. Cənubi Qafqazda çoxdan
uduzmusunuz”, - Səttar Möhbalıyev fikrini tamamlayıb.


Digər xəbərlər

0.25245499610901