Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”

14:24 02-05-2024 | icon 467
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”

“Ölkəmizdə dünyanın, o cümlədən bəşəriyyətin gələcəyi ilə bağlı son dərəcə
önəmli və aktual məsələlərin müzakirəsinin aparılması, qlobal problemlərin həlli
ilə bağlı vahid qərarların qəbul olunması artıq ənənə halını alıb. Bir növ Bakı
dünyanın mərkəzi rolunda çıxış edir və bunu son illərin təcrübəsi də bir daha
təsdiqləyir. Bu günlər paytaxtımızda daha bir mötəbər tədbir - “Sülh və qlobal
təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilir. Bildiyimiz kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Bakı
Prosesi”nin tərkib hissəsidir. Mənəvi-mədəni dəyərlərin təbliği baxımından böyük
əhəmiyyət daşıyan bu təşəbbüs mədəniyyətlərarası dialoq sahəsində dünyada
yeganə qlobal platformadır. Adından və məqsədindən də aydın olur ki, bu gün
Azərbaycan dövləti, xüsusən də onun Prezidenti cənab İlham Əliyev dünyada
dialoqa, qarşılıqlı anlaşmaya, sülh və təhlükəsizliyə nə qədər misilsiz töhfələr
verir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Görürük ki, indiyə kimi keçirilən forumlarda müxtəlif mövzular üzrə aparılan
müzakirələr, yekun qərarlar, habelə imzalanan sənədlər beynəlxalq təsisatlar və
dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb, xüsusən istinad mənbəyi rolunda
çıxış edib. Odur ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoq sahəsində ən mötəbər
platforma statusunu qazanıb. Eləcə də bu, ölkəmizin mədəniyyətlərarası və
dinlərarası dialoq məkanı olduğunu təbliğ edən mühüm vasitədir. Qürurla deyə
bilərik ki, Azərbaycanda lap qədimdən başlayaraq müxtəlif xalqların və dinlərin nümayəndələri xoşbəxt və mehriban ailə kimi yaşayıblar. Burada qarşılıqlı hörmət və anlaşma prinsiplərinə söykənən birgəyaşayış mühiti hər zaman mövcud olub. Bu keyfiyyətlərə görə ölkəmiz tolerantlığın və multikulturalizmin bərqərar olduğu
məkan kimi dünyada nümunə çəkilir, nailiyyətləri yüksək qiymətləndirilir, uğurlu
təcrübəsi öyrənilir”, - Milli Məclisin deputatı bildirib.
Onun sözlərinə görə, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
mövzusu da son dərəcə aktualdır: “Dünyanın inkişafı, bəşəriyyətin xoşbəxt və
firavan gələcəyi sülh və təhlükəsizlikdən keçir. Bunun üçün mədəniyyətlərarası
sağlam ünsiyyət, qarşılıqlı etimad və anlaşma olduqca vacib məqamdır. Mən
əminəm ki, burada aparılan müzakirələr, səslənən fikirlər və yekun qərar bu sahədə
problemlərin aradan qaldırılması üçün xeyli faydalı olacaq. Tədbirdə iştirak edən
Prezident İlham Əliyev çıxışında bir sıra vacib məqamlara toxundu, xüsusən
multikulturalizmin əhəmiyyətindən söz açdı, Azərbaycanın təcrübəsini bölüşdü.
Təbii ki, bu cür dəyərlər olmasa, qorunmasa və inkişaf etməsə, sabitlik əldə
olunmaz, sülh və təhlükəsizlik risk altında olar. Hər zaman belə olub ki, ayrı-
seçkilik gərginliyə, hətta ağır münaqişələrə belə səbəb ola bilir. Dünya şahiddir ki,
Azərbaycanda mövcud olan möhkəm sabitliyin, həmrəyliyin, sağlam cəmiyyətin
kökündə həm də tolerantlıq və multikultural dəyərlər dayanır”.
“Dövlətimizin başçısı çıxışında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən
də bəhs etdi. Əminliklə deyə bilərik, eləcə də bu, beynəlxalq ictimaiyyət tərəfindən
də etiraf olunur ki, Hərəkatın inkişafı, ən parlaq dövrü, təsir imkanlarının artması,
söz sahibinə çevrilməsi məhz Azərbaycanın sədrliyi dövründə olub. İrəli sürdüyü
təşəbbüslər, gördüyü işlərlə Azərbaycan bu təsisata yeni imic qazandırdı,
məsələlərə haqlı yanaşma tərzi ortaya qoydu. Quruma sədrliyimiz ağır bir dönəmə
təsadüf etdi, xəstəlik planetin hər yerində tüğyan edirdi, böyük fəsadlara yol açırdı.
Belə mürəkkəb şəraitdə Azərbaycan sədr olaraq məsuliyyətlə davrandı, vacib və səmərəli təşəbbüslərlə çıxış etdi, xüsusilə dünyanı ədalətə səsləyərək peyvənd millətçiliyinə qarşı ləyaqətlə mübarizə apardı. Eləcə də beynəlxalq hüququn tələblərini pozan, ölkələrin daxili işlərinə qarışan, ədavət salan, separatizmə dəstək
verənləri ifşa etdi, neokolonializmin çirkin siyasət olduğunu göstərdi. Təəssüflər
olsun ki, hətta XXI əsrdə belə bu cür hallar yaşanır və bununla mübarizədə
Azərbaycan dünyada haqlı mövqe ortaya qoyur və etiraz səsini ucaldır. Lakin insan
hüquqlarından danışan, demokratiyanı əldə dəyənəyə çevirən bəzi dövlətlər və
beynəlxalq təşkilatlar nədənsə hələ də bu mövzunun üzərindən sakit keçir, daha
çox susqunluğa üstünlük verirlər. Bu azmış kimi, sonra utanmadan başlayırlar,
bəlkə də, hər gün fərqli don geyindirdikləri, mahiyyətini dəyişdirərək gözdən
saldıqları demokratiyadan, insan hüquqlarından danışmağa. Bütün bunlar ikili
standart deyil, bəs nədir!?”, - Səttar Möhbalıyev fikrini tamamlayıb.


Digər xəbərlər

0.29690408706665